Diqqət: Genefond təhlükədə (II yazı)

Genefonda bir sıra amillər çox ağır təsir göstərir. Qəzetin yazı üçün ayrılmış həcmini nəzərə alıb bu amillərdən daha ciddi hesab olunanların üzərində dayanmaq məcburiyyətindəyəm…

6. Abort – hamiləliyin süni surətdə pozulmasıdır və bunun bir sıra səbəbləri var. Əvvəlcə onu qeyd etməyə dəyər ki, Islam dini yalnız ananın sağlamlığı təhlükə altında olduqda aborta icazə verir. Ötən il Azərbaycanda 27 minə yaxın abort qeydə alınıb. Yəni 27 min qadın süni yolla hamiləliyin məhv olmasına razılıq verib. Və heç də o qadınların hamısının həyatı təhlükə altında olduğuna görə abort olunmayıb. Bu gün Azərbaycanda qız uşaqlarının ana bətnində məhv edilməsi dəbə minib. Qoy buna da Qafqaz Müsəlmanlar Idarəsi aydınlıq gətirsin, biz abortun tibbi fəsadlarını araşdıraq.
Azərbaycanda abort olunan qadınların böyük əksəriyyəti (23 min) gənc qadınlardır. Onların şüurlu və ya şüursuz şəkildə aborta razılıq verməsi genefonda ciddi zərbə vurur. Bir detalı xüsusi vurğulamaq istəyirəm. Tibbi ekspertlər qeyd edirlər ki, gənc qadınların (25-35 yaş) bir dəfə abort etdirməsi, gələcək hamiləlyin patoloji olmasına münbit şərait yaradır. Ən dəhşətlisi isə odur ki, abortdan sonra təkrar hamiləlik zamanı qadının uşaqlığındakı bioloji mühit yararsız hala düşdüyündən sağlam körpənin dünyaya göz açması şübhə altında olur. Uşaqlıqda normal bioloji mühit olmadıqda dölün fiziki və əqli inkişafının normal getməsi mümkün olmur. Fiziki və intellektual qüsurla doğulan körpələrin cəmiyyət və dövlət üçün nə qədər “faydalı” olduğunu düşünmək gərəkdir. Bunu cəmiyyətdən öncə dövlətin müvafiq strukturları düşünməlidir. Nədən ki, dövlətin ailə planlaşdırılması, doğum üçün xüsusi proqramları olmalıdır və özü də o proqramlar kağız üzərində qalmamalıdır.
7. Doğuş zədələri – ilbəil artmaqdadır. 2000-ci ildə Azərbaycanda 95 min doğuşun 74 mini, 2010-cu ildə isə 147 min doğuşun 107 mini normal doğuş kimi qiymətləndirilib. Təkcə bu statistik göstəricilərə görə Azərbaycan səhiyyəsinin gerçək üzünə ayna tutmaq mümkündür. Doğum evlərindən ağır kəllə-beyin zədələri, qan dövranı pozğunluqları, ağ-ciyər sistemi patologiyaları ilə evə yazılan körpələrin genefondumuz üçün nə qədər yararlı olacağını düşünmək belə ağırdır.
8. Süni qidalanmanı – genefonda təsir edən ciddi amillərdən biri saymaq olar. Əvvəllər uşaqları hətta 2-3 yaşına çatdıqda belə ana südü ilə qidalandırırdılar. Bu gün dünyaya göz açan körpələrə ana südü əvəzinə süni qidalar vermək dəbdədir. Tərkibindən və qiymətindən asılı olmayaraq, heç bir süni qida ana südünü əvəz edə bilməz. Ana südü ilə qidalanan uşaqlar həm fiziki, həm də intellektual baxımdan süni qidalanan uşaqlardan üstün olurlar. Hər bir ana öz bədən fiqurasından öncə dünyaya gətirdiyi körpənin gələcəyi barədə ciddi düşünməlidir. Şəxsən araşdırmışam, dərketməsində problemi olan uşaqların əksəriyyəti süni qidalanmadan “yetişən” uşaqlardır. Təsadüfi deyil ki, bu gün Qərbin tibb alimləri uşağın əqli inkişafı üçün ən zəruri olan dərmanı ANA SÜDÜ sayırlar. Genefondun təhlükəyə məruz qalmasının qarşısında sipər ola biləcək ən əsas amillərdən biri də məhz millətin intellektual səviyyəsinin yüksək olmasıdır.
9. Talassemiya- genefondumuza ağır zərbə vuran xəstəliklərdən biridir. Bu gün Azərbaycanda bir milyona yaxın talessemiya daşıyıcısı var. Ölkə vətəndaşlarının hər doqquz nəfərindən biri talessemiya daşıyıcısıdır. Ağır irsi qan xəstəliyi sayılan talessemiya bir vaxtlar Avropada geniş yayılmışdı. Lakin Qərb düşüncə tərzi bu bəladan xilas yollarını arayıb tapdı. XXI əsrin 12-ci ilindəyik, hər doğulan 500 uşaqdan biri ağır talessemiya xəstəliyi ilə dünyaya gəlir, hər 9 vətəndaşımızdan biri bu xəstəliyin daşıyıcısıdır və bir “Talessemiya Mərkəzi” AÇMAQLA IŞIMIZI BITMIŞ HESAB EDIRIK. Bu öz yerində, digər tərəfdən, bizlər sanki hələ də XV-XVI əsrlərdə yaşayırıq, qohumlar arasında nikahların sayı əsla azalmaq bilmir. Nədən ki, nə maarifləndirən var, nə də vətəndaşın maddi durumu imkan verir ki, özü maariflənsin. Altını cızaraq yazıram, qan qohumları arasında nikah məhəbbətdən-filandan irəli gəlmir, gerizəkalı valideynlərin, ağılsız ağsaqqalların məsləhəti ilə gerçəkləşir belə izdivaclar. Və bir ildən sonra gənc ailə nənə-babalar üçün bir talessemiyalı körpə “hədiyyə” edir. O “hədiyyə” isə gənc yaşlarında dünyasını dəyişir və son nəfəsinədək donor qanına ehtiyacı olur. Dəhşətdir.
Genefond talessemiyadan çox zərər görür və bu zərəri önləmək üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Talessemiya Mərkəzi bu işin öhdəsindən gəlmək iqtidarında deyil. O mərkəz ən yaxşı halda 1500 ağır talessemiyalı xəstənin 50 faizinin vəziyyətini yüngülləşdirə bilər. Xəstəliyin daha çox rast gəlindiyi regionlarda belə mərkəzlər açmaq gərəkdir. Ən əvvəl isə dövlət nikaha daxil olan gənclərin bir sıra xəstəliklərə görə mütləq və məcbiri müayinədən keçməsinə nail olmalıdır. Genefonda önəm verən DÖVLƏT ona yönəlik təhlükəni də dəf etməlidir…