“Azərbaycan belə bir müsabiqə üçün yanlış yerdir; orada diktatura mövcuddur”
“İnsanların səbəbsiz yerə həbsxanada saxlandığı bir ölkədə necə mahnı oxumaq olar?”
Almaniyanın «Wolfsburger Allgemeine» qəzeti «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin yanlış olduğu barədə məqalə dərc edib. «Bakı-2012: Pop və təbliğat arasında» başlıqlı məqalədə deyilir ki, müsabiqə ərəfəsində Azərbaycanla bağlı insan haqları və mətbuat azadlığı ilə bağlı debatlar başlayıb. Məqalə müəllifləri mövzu ilə bağlı Almaniya parlamentinin – Bundestaqın ekspertinin tənqidi fikirlərinə də yer veriblər.
«Bu, hoqqabazlıq nömrəsi olacaq: «Eurovision» müsabiqəsi ölkənin avtoritar hakimiyətinə arzuolunan imici qazandıra biləcəkmi? Ya da heç olmasa, ölkəni Qərbin siyasi standartlarına azacıq da olsa, yaxınlaşdırmaq mümkün olacaqmı? Hazırda dünyanın kütləvi informasiya vasitələrinin projektorları dünya xəritəsinin ortasından solda fırlanır və hələ də axtarırlar. Almaniya Mətbuat Agentliyi yazır: «Təxminən 9 milyon azərbaycanlı əhali əsasən kənd səmimiyyətini qoruyub saxlayıb. Zəngin ət xörəklərini sevənlər və spirtli içkilərin həvəskarları istənilən vaxt bu ölkəyə səfər edə bilərlər»…
Məsələ burasındadır ki, «Eurovision» özünü siasətdən uzaq göstərməyə çalışır. Amma bu dəfə bu variant keçməyəcək. Azərbaycanın klan hakimiyyəti insan haqlarını pozmaqda ittiham olunur. Hökumət medianı nəzarət altında saxlayır, müxalif mətbuat təzyiqlərə məruz qalır. Yalnız az sayda bloqqer və jurnalistlər rejimə qarşı çıxmağa cəsarət edir. Ölkədə «qorxu mühiti» hökmranlıq edir. Sərhədsiz Reportyorlar Təşkilatının siyahısında mətbuat azadlığı göstəricisinə görə Azərbaycan 152-ci yerdə Anqola, Kamboca, İraq və Əfqanıstanla yanaşı dayanıb. Həmçinin 2011-ci ildə polis qüvvələri rejimə qarşı nümayiş keçirmək istəyənlərə qarşı zorakılıq tətbiq edib.
«Mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkə bütün tənqidi səsləri susdurmağa çalışır»,- deyə Beynəlxalq Amnistiya Təşkilatının nümayəndəsi Tim Şröder bildirib. Yaşıllar Partiyasının Bundestaqda insan haqları üzrə eksperti Folker Bek Azərbaycanda diktaturanın mövcudluğundan danışıb: «Azərbaycanda müxalif və tənqidçi jurnalistləri amansızlıqla təqib edən diktatura mövcuddur. Bakı belə bir müsabiqənin keçirilməsi üçün yanlış yerdir».
Mahnı müsabiqəsinin həvəskarları arasında da mübahisələr davam edir. «Eurovision» Mahnı Müsabiqəsinin azarkeşlərindən ibarət klubun pezidenti Klaus Vorina deyir ki, çoxları belə bir ölkəyə getmək istəmirlər. Almaniya hökumətinin insan haqları üzrə müvəkkili (Ombudsman) Markus Leninq isə bildirib: «Mən təsəvvür edə bilmirəm ki, bir neçə kilometr aralıda insanların səbəbsiz yerə həbsxanada saxlandığı bir ölkədə necə mahnı oxumaq olar? Azərbaycan təkcə müasir qaydada hərəkət etməyi deyil, müasir şəkildə özünü ələ almağı da bacarmalıdır».
«Məsələ onda deyil ki, iki həftə ərzində Azərbaycanda nələr baş verəcək. Məsələ ondadır ki, bundan sonra orada nələr baş verəcək»,- deyə Klaus Vorina bildirib (“Bizim Yol”).