Rüfət Əliyev: «Torpaqlarımızın 20 faizi işğal altında olan bir ölkənin başçısını dəstəkləməyi, onun rəhbəri olduğu partiyaya üzv olmağı şəxsi və ictimai nüfuzuma zərbə kimi qiymətləndirirəm»
YAP-ın Astara rayon Toradi kənd təşkilatının üzvü Rüfət Əliyev hakim partiyanın sıralarını tərk edib. O, bununla bağlı Ilham Əliyevə və YAP-ın Astara təşkilatına ünvanladığı, surətini isə redaksiyamıza təqdim etdiyi bəyanatında bildirir ki, bundan sonrakı siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcək.
Rüfət Əliyev bu addımının səbəbini Azərbaycanın bütövlüyü uğrunda döyüşərək şəhid olmuş qardaşı Çinar Əliyevin adının əbədiləşdirilməsi barədə müraciətlərinə baxılmaması ilə izah edib. Rüfət Əliyev bəyanatda Ilham Əliyevə xitabən bildirir: “Şəhid qardaşım Çinar Əliyevin adının əbədiləşdirilməsi üçün oxuduğu Toradi kənd orta məktəbinə onun adının verilməsini xahiş etsək də, nəticəsi olmayıb. Həmin məktəb binasında yenidənqurma işləri aparıldıqdan sonra ümid edirdim ki, dövlət qurumları bu təhsil ocağına qardaşımın adını verəcəklər. Lakin ümidlərim doğrulmadı. Hakimiyyət 200 nəfərlik kollektivi olan məktəbi vətən uğrunda şəhid olmuş Çinar Əliyevə çox gördü.
Necə olur ki, hər bölgədə Heydər Əliyevin adına park, mərkəz, muzey, məktəb olur, amma vətən uğrunda şəhid olmuş Çinar Əliyevin adına bircə belə məktəb olmur?!
Mən bunu YAP-ın sədri, prezident Ilham Əliyev və rayonun səlahiyyətli şəxslərinin şəhidlərimizə ögey münasibəti kimi qiymətləndirirəm. Torpaqlarımızın 20 faizi işğal altında olan bir ölkədə dövlət başçısını dəstəkləməyi, onun rəhbəri olduğu partiyaya üzv olmağı şəxsi və ictimai nüfuzuma zərbə kimi qiymətləndirirəm. Ona görə də YAP-ın sıralarından istefa verirəm. Bundan sonrakı fəaliyyətimi AXCP sıralarında davam etdirəcəm”.
Qeyd edək ki, Rüfət Əliyev 19 yaşında Sovet Ittifaqı Qəhrəmanı olmuş Mirzə Cəbiyevin nəvəsidir.
Azad