Taksi sürücüləri yenə Nəqliyyat Nazirliyinə yürüş etdilər

Ziya Məmmədovun ac qoyduğu adamlar sakitləşmir

Nəqliyyat Nazirliyinin fərdi avtomobillərlə taksi fəaliyyətinə tətbiq etdiyi qadağa minlərlə ailəni çörəksiz qoyduğundan sürücülər bir neçə gündür ki, sözügedən qərara etiraz edir. Dolanışıq mənbəyi əlindən alınan sürücülərin etirazı dünən də davam edib. Sürücülər yenə də Nəqliyyat Nazirliyinin qarşısına toplaşıblar. Lakin əvvəlki günlərdən fərqli olaraq, bu dəfə polislər daha “çevik” tərpənərək, etiraz aksiyasının böyüməsinə imkan vermədilər.
Günorta saat 15:00-a təyin olunan aksiyaya sürücülərin bir qədər tez gəlməyə başlaması polislərə imkan verdi ki, onları nazirliyin qarşısından daha asan uzaqlaşdırsın. Sürücülər qrup-qrup nazirliyin qarşısına toplaşdıqca polislər də onları oradan uzaqlaşdırırdı. Bu səbəbdən də etiraz aksiyası əvvəlki günlərdəki qədər böyümədi. Ancaq buna baxmayaraq, sürücülər 10-15 nəfərdən ibarət qruplar şəklində olsa da, etirazlarını bildirirdilər. Əvvəlki günlərdə olduğu kimi, yenə də nazirlikdən narazı vətəndaşların qarşısına çıxan olmadı.

Etirazçılar hər dəfə nəqliyyat naziri Ziya Məmmədovla görüş tələb edəndə polislər daha da aqressivləşirdilər: “Siz kimsiniz ki, nazir sizinlə görüşsün?! Davay, dağılışın burdan…”.
Asayiş keşikçiləri etirazçılara məsləhət gördü ki, aksiyanı “20 yanvar” metrostansiyasının yaxınlığında keçirsinlər: “Gedin ”20 yanvar”a, orada toplaşmaq daha yaxşıdır”.

Polislərin bu məsləhətindən sonra sürücülər “bəlkə Prezident Administrasiyasına gedək…”, – deyə reaksiya verəndə polislərin cavabı belə oldu: “O da olar…”.
Telekanalların minlərlə ailənin ac qalmasına etinasız münasibətindən hiddətlənən sürücülər Ictimai Televiziya, ANS, “Lider”, “Space”, “Xəzər” telekanallarının qarşısında toplaşmağı da qərara aldılar.
Sürücülər növbəti aksiyanı bu günə təyin etdilər. Sona qədər mübarizə aparacaqlarını söyləyən etirazçılar bugünkü mitinqin daha kütləvi alınması üçün əvvəlki qaydada “sms”lə həmkarlarına mesaj yollayacaqlarını söylədilər.

Ramin DEKO