Paşayevlərin «sığorta əməliyyatı»

Neft şirkətinin xəstəxanalarını Səhiyyə Nazirliyinə verməyin sirri açıldı

Bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) nəzdində olan səhiyyə ocaqları qurumun balansından çıxarılaraq Səhiyyə Nazirliyinə verildi. Biz hələ aylar öncə səhiyyə naziri Oqtay Şirəliyevlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında bu məsələ ilə bağlı ziddiyyətlərin yarandığını yazmışdıq. Həmin yazıda qeyd etmişdik ki, Oqtay Şirəliyev Paşayevlərin dəstəyilə ARDNŞ-nin balansında olan səhiyyə ocaqlarını da nəzarətə götürmək istəyir. Rövnəq Abdullayev isə həmin tibb ocaqlarını əldən vermək istəmir. Lakin ARDNŞ prezidenti bir müddət dirəniş göstərsə də, Paşayevlərin qarşısında ərimək məcburiyyətində qaldı.
Bir neçə gün əvvəl isə ARDNŞ-in Hüquq Idarəsinin rəisi Eldar Orucov APA-ya açıqlamasında bildirib ki, ARDNŞ-in əməkdaşları bütünlüklə tibbi sığorta olunublar. “Biz bu məsələni beynəlxalq neft şirkətlərindəki qaydalara və standartlara uyğun olaraq həll etmişik. Bununla bağlı sığorta şirkətləri arasında aparılan kotirovka sorğusu zamanı ən yaxşı şərtləri ”PAŞA Sığorta” şirkəti təqdim edib”.

Əslində, bu məsələdə Paşayevlər ikiqat qazanıb. Əvvəla, Rövnəq Abdullayevin nəzarətində olan səhiyyə ocaqları özlərinə yaxın şəxsin tabeliyinə keçib, ikincisi, neftçilərin “PAŞA Sığorta” şirkəti tərəfindən sığorta olunmasına nail olublar. Bu məqama xüsusi diqqət yetirilməlidir. Eldar Orucov bildirir ki, şirkətin təqdim etdiyi, ən geniş xidmətləri nəzərdə tutan “Gold Paket” hər işçi üçün 294 manata başa gələcək. Onun sözlərinə görə, ümumilikdə, şirkətin 76 mindən artıq əməkdaşının hamısı bu üsulla sığortalanıb. Bu isə “Paşa Sığorta”nın milyonlarla gəlir əldə etməsi deməkdir. Sirr deyil ki, Azərbaycanda sığorta sahəsində özbaşınalıq hökm sürür. Yəni, hər hansı sığorta şirkətindən pul almaq o qədər də asan deyil.
ARDNŞ-in nəzdində olan tibb ocaqlarının Səhiyyə Nazirliyinin tərkibinə verilməsində də əsas məqsəd budur. Çünki bu halda həmin xəstəxanalarda neftçilər üçün nəzərdə tutulan güzəştlər avtomatik olaraq qüvvədən düşür və şirkət işçisini tibbi sığorta etmək məcburiyyətində qalır.

Informasiya şöbəsi