ABŞ-ın Rusiyadakı yeni elçisinin Putin əleyhdarlarıyla görüşünə Klintonun müavini də qatıldı
ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Maykl Makfol Rusiya müxalifətinin təmsilçilərilə görüşüb. ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsün də iştirak etdiyi görüşə Rusiya müxalifətinin liderləri Boris Nemtsov, Vladimir Rıjkov, Sergey Kanayev, Lilya Şibanova, Yelena Panfilova, Lev Ponomaryov və Yevgeniya Çirikova qatılıblar. Görüş zamanı Rusiyada martın 2-də keçiriləcək prezident seçkiləri öncəsi siyasi vəziyyət və Vaşinqton-Moskva münasibətləri müzakirə olunub.
Müxalifət təmsilçisi Rıjkov bildirib ki, amerikalı diplomatla Rusiyada parlament seçkilərindən sonrakı vəziyyəti, prezident seçkiləri öncəsi kampaniyaların gedişatını müzakirə ediblər: “Boris Nemtsovla bərabər ölkədəki siyasi vəziyyətlə bağlı fikirlərimizi səfirə çatdırdıq. Bundan başqa, müxalifətin fevralın 4-də keçirəcəyi etiraz aksiyası ilə bağlı səfiri məlumatlandırdıq”.
Xatırladaq ki, ABŞ-ın yeni səfiri Maykl Makfol peşəkar diplomat deyil və Dövlət Departamentində də işləməyib. O, hazırkı vəzifəyə təyin olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obamanın Rusiya üzrə müşaviri postunu tuturdu. Yeni səfir müasir Rusiya və Kremlin siyasi orientasiyasını əla bilən mütəxəssis kimi tanınır. Maykl Makfolun karyerasında diqqətçəkən məlumatlar var. Sankt-Peterburqdakı Avropa Universitetinin professoru, Maykl Makfolu yaxından tanıyan Viktor Gelman bildirib ki, yeni səfir tanınmış siyasi xadim və mütəxəssisdir.
Gelman Makfolun inqilablar üzrə peşəkar mütəxəssis olduğunu söyləyib: “O, rus dilini gözəl bilir. Rusiya cəmiyyətinə yaxşı bələddir. SSRI-nin çöküşü ərəfəsində Rusiyanı bürüyən etiraz dalğasının gedişi zamanı məhz Makfol ictimai fəallarla hökumət rəsmiləri arasında gərgin münasibətlərin normallaşdırılmasına nail olmağı bacarmışdı. Həmin dönəmdə bütün SSRI ərazisini bürümüş milli azadlıq hərəkatını yaxından izləyən peşəkar mütəxəssislərdən biridir”.
Informasiya şöbəsi