Məmurlar niyə hesabat vermir?

Konstitusiya Araşdırmalar Fondu soruşur…

Beynəlxalq Mətbuat Mərkəzində Konstitusiya Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsinin yekunları ilə bağlı ötən gün mətbuat konfransı keçirdi.
Layihə barədə Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur Ibrahimov məlumat verdi. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılmasına, vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına yardım göstərilməsi, cəmiyyətdə korrupsiyanın təzahür formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması layihənin əsas məqsədləri olub: “Bu araşdırmaların nəticəsi kimi, beynəxalq təcrübəyə əsaslanaraq Konstitusiya Araşdırmalar Fondu tərəfindən Maliyyə xarakterli məlumatlar haqqında Bəyannamə” formasının, Bəyannamənin təqdim edilmə qaydalarının layihələr, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi prosesinin, mexanizm və prosedurların təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Bu təkliflər Bakı, Mingəçevir və Gəncə şəhərlərində bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib”.
Z.Ibrahimov qeyd etdi ki, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” təsdiq edilmişdir. Lakin bu günə kimi Nazirlər Kabineti maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə forması hazırlamayıb.
“Düşünürük ki, maliyyə bəyannamələrinin yoxlanılmasında ilkin araşdırma mexanizminin əhatəsi genişləndirilməlidir. Bu məqsədlə aidiyyəti informasiya baza və reyestrlərinə çıxış imkanları təmin edilməlidir. Yoxlama təsadüfi seçim əsasında və ya potensial riskin qiymətləndirilməsi yolu ilə həyata keçirilə bilər” – deyə, Zaur Ibrahimov bildirib.
2006-cı ildə Dünya Bankı tərəfindən həyata keçirilən  araşdırma müəyyən etmişdir ki, Bankın fəaliyyət göstərdiyi 148 ölkədən 42-si, yəni 30 faizində bəyannamələr tətbiq edilmir, 106 ölkədən üçdə birində isə bəyyannamələrin ictimaiyyət üçün açıqlandığını söyləyən Zaur Ibrahimovun sözlərinə görə, gəlir bəyannamələrinin tətbiqi korrupsiyanın qarşısını bir neçə yolla ala bilər: “Ilk olaraq gəlirlərin açıqlanması ictimaiyyətə və ya aidiyyəti qurumlara imkan verir ki, vəzifəli şəxsin/subyektin varlanmasına və ya gəlirlərində olan hər hansı dəyişikliyə nəzarət etsin. Bu məlumatların mütəmadi təqdim edilməsi müddətlər arasında şəxsin gəlirləri və ya xərcləri arasında olan şübhəli görsənən halları müəyyən etməyə və bununla bağlı şəxsdən bunun əsaslandırılmasının tələb edilməsinə və ya araşdırmaların aparılmasına imkan verir”.

Ramin DEKO