Əliyevə “Yeni Şafak şoku” davam edir

Əliyevləri ifşa edən yazının Azərbaycandakı əks-sədası Türkiyədə ilgi çəkdi

Ərdoğanın qəzeti “Azadlıq”a istinad etdi

Türkiyənin “Yeni Şafak” qəzeti Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbuluyla bağlı Azərbaycan hakimiyyətinin mövqeyinin sərt tənqid olunduğu “Azəri qardaş, sən hardasan?” başlıqlı xəbərə yenidən qayıdıb. “Yeni Şafak”ın xatırlatmasını Türkiyənin aparıcı xəbər agentliyi “Ihlas” da yayımlayıb. Yanvarın 17-də yayımlanan və Azərbaycan hakimiyyətinə ağır ittihamların yer aldığı məqalə ölkəmizdə də rezonans doğurub. Əlavə edək ki, həmin məqaləni “Azadlıq” qəzeti də yayımlamışdı.
“Yeni Şafak” dünənki məqaləsində isə “Azəri qardaş, sən hardasan?” başlıqlı, bir gün əvvəlki yazının ölkəmizdə doğurduğu rezonansdan bəhs edir:
“Azəri qardaş, sən hardasan?” məqaləsi Azərbaycanda geniş əks-səda doğurdu. Xəbər saytları uydurma soyqırımı inkar qanununun qəbuluyla bağlı Azərbaycan hökumətinin səssiz qalmasını tənqid edən məqaləni yayımladı. Azərbaycanın müxalif qəzetlərindən “Azadlıq” qəzetinin internet səhifəsində yazının tam mətni dərc olundu. “Türkiyədən Əliyevlərə Fransa silləsi” başlığıyla verilən xəbərdə Fransa Senatında müzakirəyə çıxarılacaq qanun layihəsinə Azərbaycan rəsmilərinin mövqeyinin sərt tənqid olunduğu vurğulanıb. Xəbərin digər müxalif qəzet “Yeni Müsavat”ın da saytına qoyulduğu, ancaq hökumətdən gələn təzyiqlərdən sonra məqalənin saytdan götürüldüyü də iddia olunur. “Azadlıq”ın xəbərinə şərhlər yazan azərbaycanlı oxucular da hökumətin mövqeyini tənqid edib. Bir oxucu xalqların, idarəçilərin səhv düşüncələrinə reaksiya verəcəyini ifadə edərkən, başqa bir oxucu, “Bəs Azərbaycan-Türkiyə bir millət iki dövlət idi?! Niyə Fransanın erməni soyqırımı iddiasına Əliyev reaksiya vermədi? Türkiyə Azərbaycan üçün dünyanı qarşısına aldı, alar da. Amma Fransanın Türkiyəyə etdiyi xainliyə, Ermənistanın Qarabağla bağlı siyasətinə Əliyevin səsi çıxmır” yazıb. Bir oxucu isə xəbərdəki mövqelərə dəstək verərək “bu iqtidar millətə sadiq olmadığı kimi, dostlarına da sahib çıxmır” şərhini yazıb”.
Türkiyə mediasındakı xəbərdə “Yeni Müsavat” qəzetinə aid hissə ilə bağlı qeyri-dəqiqliyə yol verilib. “Yeni Müsavat”ın da qeyd etdiyi kimi, həmin məqalə ümumiyyətlə, qəzetin internet səhifəsində yerləşdirilməyib.

Informasiya şöbəsi