Onlar İlham Əliyevə ünvanlanmış müraciəti Vaşinqtonda Azərbaycan səfirliyinə veriblər
ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin qrup yoldaşlarının yaratdığı müdafiə komitəsinin 5 üzvü Vaşinqtonda Azərbaycan səfirliyində olub və onun azad edilməsi üçün ölkə başçısı İlham Əliyevə ünvanlanmış məktubu təqdim edib. Müraciəti 800 nəfərdən artıq şəxs imzalayıb.
Səfirlik önündə “Amerikanın səsi”nə açıqlama verən Harvard məzunu Rob Ness deyib: “Biz Bəxtiyar Hacıyevin azad olunmasını tələb edirik. Çünki o, siyasi məhbusdur. “Amnesty İnternational” onu vicdan məhbusu elan edib”.
Məlumatı Bəxtiyar Hacıyevin müdafiə komitəsi yayıb.
Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


