Fərhad Bədəlbəylidən sillə kimi sözlər

“Faiq Ağayev yox, zabitlər qəhrəman olmalı, təbliğ edilməlidirlər”

”Cəmiyyətimizdə ciddilik itiib. Bəlkə də bu iblis siyasətdə düşmən əli var”

Yanvarın 18-də “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvləri ilə Parlament Jurnalistləri Birliyi (PJB) üzvlərinin görüşü olub.
Modern.az saytının məlumatına görə, görüşdə İcmanın sədri Bayram Səfərov, qurumun üzvləri Fərhad Bədəlbəyli, Rövşən Rzayev, deputat Fuad Muradov, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, PJB-də təmsil olunan 20-dan çox jurnalist iştirak edib.
Görüşdə icmanın üzvü, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Qarabağ mədəniyyətinin yox olma təhlükəsi ilə üz-üzə qaldığını qeyd edib.
Görkəmli musiqiçi deyib ki, bu məsələ ilə bağlı təbliğat yoxdur: “O boyda Şuşanı itirmişik. Mühiti itirmişik. Ona görə də bütövlükdə həyat tərzini itirmişik.
Musiqi ilə bağlı qorxumuz yoxdur. Çünki bu sahə ilə bağlı istedadlar kifayət qədərdir.
Ancaq həyat tərzi, ünsiyyət məsələsi ilə bağlı problemlər yaşayacağıq. Baxın, Şuşada insanlar biri-birinin üstünə qışqırmırdı. Onlar biri-birinə can deyib, can eşidirdilər. Ancaq Bakıda həyat tərzi sərtdir. İnsanların biri-birinə münasibəti də sərtdir
Səhərdən axşamacan çal-çağır, toydur. Televiziyalar gecə-gündüz   ancaq ucuz və şit sou  nümayəndələrini,  şou verilişlərini,  toy,  evlənmə proqramlarını təbliğ edir. Bu yaxınlarda  düz  6 telekanalda eyni vaxtda  “ulduz yarışması”nın  getdiyini gördüm.  Bunlara baxıram, təəccüb edirəm, dəhşətə gəlirəm, elə bil Qarabağ boyda dərdimiz yoxdur. Görəsən, bu insanlar harada yaşayırlar, haradan-kosmosdan gəliblər?  Bunlar dəhşətdir və tezliklə aradan qaldırılmalıdır,ölkədə müharibə ab-havası hiss olunmalıdır”.
İcma üzvü bildirib ki, hər şey insanların özündən asılıdır:
“Çox təəssüf ki, cəmiyyətimizdə ciddiliyi itirmişik. Bəlkə də bu iblis siyasətdə düşmən əli var. Ancaq nəticə çox acınacaqlıdır. Zabitlər qəhrəman olmalıdır, onlar təbliğ olunmalıdır, Faiq Ağayev yox. Cəmiyyət də qəhrəman kimi zabitləri qəbul etməlidir. Bir müddət öncə Şuşadan  olan uşaqların musiqi gecəsi keçirilirdi. Mən həmin gecəyə getmədim, bu, bəlkə də onların xətrinə dəydi, amma onların özlərinə dedim ki, siz musiqiyə yox, hərbi məktəbə , hərb  sənətinə getməlisiniz.  Bu günlərdə Türkiyədə  baş verən hadisələr  belə getsə,  bu ölkəınin belini qıracaq. Orada hərbçilərin həbsi heç cür düzgün deyil. Çünki Türkiyəni ayaq üstə saxlayan, Türkiyəni Türkiyə edən onun hərbçiləri, paşaları olub. Bu da bir iblis siyasətidir ki, Türkiyə zəiflədilsin”.