Sarı inəyin hekayəsi

Məşhur bir hekayətdir bu. Mən onu Türkiyənin usta qələmlərindən Bəkir Coşqunun yazılarından oxumuşdum.
Dünən taksi sürücülərinin yenidən küçələrə axışdığını, haqlarını tələb etdiklərini oxuyunca o hekayət düşdü yadıma. Sizinlə də paylaşmaq istədim.
Bir kəndin kənarında yamyaşıl bir otlaq varmış, hər səhər kəndin inəkləri o otlağa qarnını doyurmağa gəlirmiş.
Inəklər yenicə ağızlarını ota uzatmaq istəyirlərmiş ki, bir dəstə ac canavar gizləndikləri yerdən çıxıb naxırı basırmış, inəklər pərən-pərən düşürmüş. Ara yerdə birinin quyruğu qopurmuş, digərinin qarnı yırtılırmış. Canavarlar da hər gün inəklərin arxasınca qaçmaqdan beziblərmiş, üstəlik, ara yerdə inəklərdən birinin buynuzlarına keçmək qorxusu da varmış. Axırda inəklərlə canavarlar oturub bu gedişata bir son qoymağı qərara alırlar. Canavarlar deyir ki, hər gün bu qədər əziyyət çəkməkdən, siz də, biz də yarımcan olduqdan ən yaxşısı budur, bax, o sarı inəyi sakitcə verin bizə, bu qiylü-qal da bitsin.
Inəklər razılaşmışlar, canavarlar sarı inəyi alıb getmiş, amma səhər yenə qayıdıb gəlmişdilər: “Indi də o qara inəyi verin…”.
Inəklər yenə razılaşmış, bu dəfə də qara inəyi alıb getmiş, səhərisi yenə gəlib kəsdirmişlər naxırın üstünü: “Indi də o boz inəyi istəyirik…”.
Beləcə, hər gün bu əhvalat təkrarlanmış, bir günsə baxıb görmüşlər ki, artıq naxırda cəmi üç-dörd inək qalıb.
Aralarındakı yaşlı inəkdən soruşmuşlar: “Biz harda səhv etdik ki, bütün bunlar başımıza gəldi?”.
Yaşlı inək dərindən içini çəkmiş və demiş: “Sarı inəyi verməyəcəkdik…”.
***
Bu sarı inək öyküsü Azərbaycanın gəldiyi bugünkü nöqtəni o qədər aydın ifadə edir ki, bəlkə də bundan sonra nəsə yazmaq artıqdır.
Yalnız sonda – evləri başlarına uçurulduğunda…
Ailəsinin yeganə çörək ümidi belə, əlindən alındığında…
Işsizlikdən topa-topa Rusiya çöllərinə, Dubay hotellərinə səpələndiyində başına gələnlərin səbəbini, səbəbkarını düşünmək yerinə bu məmləkətin insanları lap əvvəldən “sarı inəyi verməyəcəkdilər”.
Ölkədə hüquq əzilərkən… Qanunlar kağız parçasına çevrilərkən… Seçki qutularına topa-topa bülleten atılarkən… Azad sözün başına daş salınarkən… Hakimiyyət dədə kürkü kimi atanın əynindən çıxarılıb oğulun əyninə biçilərkən… Hər şey bir adamın iradəsinə tabe etdirilərkən susmayacaqdılar.
Onda da tıpkı indiki kimi küçələrə çıxacaqdılar. Hayqıracaqdılar. Üsyan edəcəkdilər. Dirəşəcəkdilər. Döyüşəcəkdilər. Haqlarını istəyəcəkdilər. Təslim olmayacaqdılar.
Içlərindəki qorxuya yenik düşməyəcəkdilər.
“Neyləyə bilərəm, evdə balalarım var” səfsəfəsinin arxasında gizlənməyəcəkdilər.
Bu ölkənin misilsiz sərvətlərinə, bərəkətli torpaqlarına bir ovuc oğrunun, quldurun dədə malı kimi yiyələnməsinə razı olmayacaqdılar.
Azərbaycanı orta çağ qaranlığına, feodalizmin dibsiz bataqlığına gömməyə izn verməyəcəkdilər.
Bu istilanın, bu irticanın önünə keçəcəkdilər.
Ki, sonda bütün bunlar da başlarına gəlməsin.
Verməyəcəkdilər sarı inəyi. Verməyəcəkdiniz. Verməyəcəkdik.
***
Amma bir halda ki, olan oldu, torba doldu…
Bir halda ki, ağlımız indi-indi başımıza gəlməyə başladı…
Bir halda ki, bu ölkənin hər gün, hər saat, hər saniyə necə böyük bəlalarla baş-başa qaldığını, necə dəhşətli bəlalara təslim edildiyini indi-indi anladıq, heç olmasa, bundan sonra gözəl şeylərin baş verməsi üçün içimizdəki qorxunu çıxarıb atmağı bacarmalıyıq. Yenməliyik içimizdəki məğlubiyyət hissini.
Bu çirkin, bu iyrənc gedişata “dur” deyə bilməliyik.
Bizim yerimizə heç kimin bu ölkəyə hüzur, xoşbəxtlik, rifah, azadlıq gətirməyəcəyini anlamalıyıq artıq.
O hekayədəki inəklər bunu düşünməyə bilərdilər bəlkə, amma insanlar düşünməyə məcburdurlar.
Adı üstündədir zatən – inək yox, insan…