Rusiyadan qalma geri!

Bu günlərdə oxudum ki, Türkmənistanda siyasi partiyalar haqqında qanun qəbul edilib. Təəssüf ki, ətraflı məlumat tapa bilmədim. Hər halda, səhrada pinqvin yetişdirmək istəyən ölkənin siyasi partiyaları necə təssəvür etdiyi hamı üçün maraqlı olardı. Elə dərhal yadıma düşdü ki, bizdə də analoji qanun hazırlanır. Mən bu haqda əvvəllər də yazmağa cəhd etmişəm. Indi üçün bəlli olan budur ki, qanun böyük ehtimalla qəbul ediləcək, baxmayaraq ki, səhv etmirəmsə, Venesiya komissiyası onunla bağlı özünün xeyli iradlarını bəyan etmişdi. Burada biz nələri görmək istərdik?

1. Ilk açıqlamalardan belə təəssürat yaranır ki, prosedurları sərtləşdirmək və partiyaların qeydiyyatını ağırlaşdırmaq istəyirlər. Lakin dünyada tamam əks-proses gedir. Ötən ilin sonunda D.Medvedev də Dumaya seçki və partiyalar haqda qanun layihəsi göndərmişdi. Orada partiyaların faktiki olaraq özlərini bəyan etməsi qeydiyyat üçün kafi hesab edilir, çox cüzi imza təqdim etmək tələb olunur. Mən ona görə Rusiyadan misal gətirdim ki, Kreml bizimkilərə daha yaxındır, bunlar Avropa sözünü eşidəndə, az qala lap dağa dırmaşırlar, Kreml sözü isə bunların ruhunu oxşayır.
2. Prosedurların sərtləşdirilməsi zərurəti onunla izah olunur ki, partiyaların sayı olduqca çoxdur. Səhv etmirəmsə, ölkədə indilər 55 siyasi partiyanın adı hallanır. Ona görə hallanır deyirəm ki, siyasi atmosfer sizə yaxşı məlumdur.
Belə fikirlər səslənir ki, guya partiyaların sayının azaldılması üçün onların qeydiyyat qaydalarını sərtləşdirmək lazımdır. Nə demək olar? Reallıq, əksinə, başqa şey deyir. Siyasi partiyalar hər yerdə çoxdur. Lakin onların bəzisi lap fizikada olduğu kimi görünməz parametrlər rolunda çıxış edir, gözə dəyən və ölkənin həyatında iştirak edən partiyaların sayı isə həmişə az olur. Seçki özü siyasi partiyaların seleksiyasını aparır. Siz normal seçki keçirin. Onda görəcəksiniz ki, partiyalar necə birləşmək və iriləşmək həvəsinə düşəcəklər və bu proses elə sürətlə gedəcək ki, özünüz də məəttəl qalacaqsınız. Böyük tirajli qəzetlər kimi böyük tirajlı partiyaların da yaranması zəruridir. Amma o, tək qeydiyyat qaydalarını sərtləşdirməklə yaranmayacaq. Gec olmasa, növbəti parlament seçkisi normal keçirilsəydi, təklif edərdim ki, maliyyə dəstəyi parlamentdə təmsil olunan bloklara və partiyalara şamil olunsun. O qədər partiya var ki, onların hamısına təkcə qeydiyyatı olduğu üçün maliyyə ayırmaq bir o qədər də düzgün deyil. Amma bu gedişlə işlər ona yetəcək ki, biz öz cibimizdən və yaxud da neftin pulundan marionet partiyalara maliyyə yardımı ayırmalı olacağıq. Kimə lazımdır bu? Siz o partiyaların, heç olmasa, adını bilirsinizmi? Mən şəxsən əhalinin böyük əksəriyyətinin belə bilgilərə malik olmasına şübhə edirəm.
Nə isə. Gözləyək görək nə olur. Sonda bir məsələni də qeyd etmək istərdim və bu da daha çox özümüzlə bağlıdır. Yaxşı olardı ki, biz də məsələyə azcıq da olsa müdaxilə etməyə cəhd edək. Qanun onsuz da qəbul olunacaq və biz də siyasətlə məşğuluq. O, istər-istəməz bizim də maraqlarımıza toxunacaq və ona görə də biz də ona toxunmağa çalışsaq, yaxşı olar…
Bəs diffamasiya?
Ruslar diffamasiya ilə də bağlı qanun qəbul etdilər. Bu da bizim hakimiyyət üçün bir örnək ola bilər. Bu yaxınlara qədər elə deyirdilər ki, bəs belə qanun hələ bir çox ölkələrdə qəbul olunmayıb. Buyurun, nümunə böyrünüzdədir, o, artıq Rusiyada qəbul olunub. “Bəzi ölkələr” məsələsinə mən əvvəllər də bir aydınlıq gətirməyə cəhd etmişəm. Məsələ bundadır ki, əgər başqa ölkələrin təcrübəsində belə qanun hələ qəbul olunmayıbsa, o demək deyil ki, oralarda insanları yazıya görə həbs edirlər. Xeyr, orada qanunvericilikdəki müəyyən maddələr varsa da, passiv xarakter daşıyır. Məsələ bundadır. Təkcə yazıya görə yalnız ən geridə qalmış dövlətlər insanları təqib edir, məsuliyyətə cəlb edir. Onu da etiraf edirəm ki, bu proses qarşılıqlı olmalıdır, jurnalistlər də öz baxışlarında müəyyən dəyişiklik etməlidir. Söz silah deyil və daş deyil ki, atıb kiminsə başını yarasan! Biz də filoloji killerlər deyilik!..