İran vurulsa, Rusiya müdaxilə etməyəcək

«Roqozinin bəyanatında siyasi blef elementləri var»

Zəfər Quliyev: «Moskva bu məsələdə özü üçün qazanc əldə etməyə çalışır»

ABŞ-ın Irana qarşı sanksiyalarının sırası genişləndikcə bu ölkəyə qarşı müharibə ehtimalı da artır. Artıq Qərb mətbuatı zərbələrin endirilə biləcəyi tarixi də açıqlayıb. Bu kimi xəbərlərin artması artıq Moskvanı da narahat etməkdədir. Irana hərbi müdaxilənin əleyhinə olan Kreml, hətta Qərbi hədələməkdən belə, çəkinməyib. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, onun ölkəsi mübahisəli nüvə proqramı səbəbindən Irana qarşı həyata keçiriləcək hər hansı hərbi müdaxiləni öz təhlükəsizliyinə təhdid sayacaq.
Onun sözlərinə görə, Rusiya kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasının tərəfdarıdır. Ancaq Irana hərbi müdaxilə Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir. Bununla yanaşı Roqozin Iranı hansı formada müdafiə edəcəklərini açıqlamayıb. Bəs Irana zərbələr endiriləcəyi təqdirdə Rusiya buna cavab olaraq hər hansı addımlar ata bilərmi?
Politoloq Zəfər Quliyev Roqozinin bəyanatında siyasi blef elementlərinin çox olduğunu deyir. Çünki Rusiyanın kimə və necə adekvat cavab verəcəyi bəlli deyil.
Ekspertin sözlərinə görə, bu tip əməliyyatlarda Vaşinqton hər zaman beynəlxalq dəstəyə arxalanmağa, eyni zamanda Irana qarşı hərbi əməliyyatlara da haqq qazandırmağa, bunu beynəlxalq aləmin adından etməyə çalışır. Artıq bir çox ölkələr də Vaşinqtonun Iran siyasətini dəstəkləyir. Regionda maraqları olan Rusiya isə asanlıqla Vaşinqtona güzəştə getmək istəmir. O səbəbdən də bu cür bəyanatlar səsləndirilir: “Rusiya kimə qarşı adekvat addım ata bilər? Nə beynəlxalq aləmə, nə də ABŞ-a qarşı bunu edə bilər. Aydın məsələdir ki, Irana görə Amerika ilə vuruşan deyil. Eyni zamanda ABŞ-a qarşı hansısa ciddi iqtisadi addımlar, diplomatik addımlar ata bilməz. Rusiyanın potensialı buna imkan vermir”.
Ekspert Rusiyanın dəfələrlə belə bəyanatlar səsləndirdiyini, lakin nəticədə Moskvanın güzəştə getdiyini bildirdi. Sadəcə olaraq, Moskva bu məsələdə özü üçün qazanc əldə etməyə çalışır.

Fizzə