Qalatəpənin “gizlinləri” üzə çıxır

2500 yaşlı yaşayış məskəni

Ağcəbədi rayonu eneolit, tunc, antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları ilə zəngindir. Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı belə yerlər sırasına daxildir. Yaxın zamanlarda arxeoloqlar rayon ərazisində antik dövrə aid şəhər tipli bir yaşayış məskəni aşkar ediblər. Qədim şəhər rayonun Salmanbəyli kəndi yaxınlığında, Qarqar çayının sahilindəki təpə ərazisində yerləşir. Maraqlıdır ki, yerli əhali də hansısa səbəblərdən bu sahəni Qalatəpə adlandırır.
“Tikili Strabonun Uti vilayətində Ayniyana və Ayanaki şəhərləri haqqındakı məlumatını, orta əsr ərəb müəlliflərinin dəfələrlə təkrar etdiyi Bərdə ilə Beyləqan şəhərləri arasında Yunan adlı şəhərin olması barədə məlumatını təsdiqləyir. Yerüstü materiallar arasında pullar var ki, XI-XII əsrlərdə burada qaynar şəhərin olmasından xəbər verir. Antik dövrə aid belə bir şəhər qalığının aşkar olunması Azərbaycan elminə böyük töhfədir”. Bunu Qazıntı işlərinə başçılıq edən Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev söyləyib. Onun sözlərinə görə, aşkar olunan yaşayış məskəninin 2500 il yaşı var.
Arxeoloqların gəldikləri ilkin rəyə görə, təpənin üst hissəsində bişmiş kərpicdən inşa olunan tikili orta əsrlərə, alt qatdakı çiy kərpicdən tikilən divarlar isə antik dövrə aiddir.
Mütəxəssislər bu qədim şəhərin yerləşdiyi məkanın da xüsusi əhəmiyyəti olduğunu önə çəkir. Qarqar çayının sahilində, Mil-Qarabağ düzənliklərinin kəsişməsində yerləşən və coğrafi baxımdan da çay və sulu arxlarla əhatə olunan şəhər strateji baxımdan mühüm əhəmiyyət kəsb edib.
2008-ci ildə Mil-Qarabağ düzündəki Qalatəpə şəhər yerində başlanan qazıntı işləri sonradan akademik I.Meşşaninovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən Gavurarx və Qarqarçayın birləşdiyi sahədə davam etdirilmişdir. Burada Qızılvəng boyalı saxsı qablara oxşar keramika nümunələri toplanmışdır.
2009-cu ilin iyul ayından Mil-Qarabağ arxeoloji ekpedisiyası rəhbəri Təvəkkül Əliyev Salmanbəyli kəndi ərasizində Qalatəpə şəhər yerində tədqiqat aparmış və altı kvadratda iş aparmış, qazıntı sahəsinin ümumi sahəsi xeyli genişləndirilmişdir. Qalatəpə antik dövr şəhər yerinin 150-200 m şimal-şərqindəki nekropolda 4 küp qəbir açılmış və zəngin material – tunc bilərziklər, pasta muncuqlar, saxsı və misdən durna çıraqları, saxsı bardaq və küpələr aşkar edilmiş və Tarix-diyarşünaslıq muzeyinə təhvil verilmişdir.
Qalatəpəyə olan maraq təqribən yarım əsr sonra arxeoloqların yenidən ona “müraciət” etməsinə səbəb olmuşdur. Hələ 1974-cü ildə isə F.Osmanov burada arxeoloji tədqiqat işləri aparmağa başlamışdır. Məlum olmuşdur ki, Qalatəpədə hələ eneolit dövründə (daş dövründən tunc dövrünə keçid mərhələsi, eramızdan VI-IV minilliklər) yaşayış olmuş, artıq eradan əvvəl birinci minillikdə şəhər tipli yaşayış məskənində sonralar isə orta əsr şəhərinə çevrilmişdir.
Söz açılan antik şəhər
Xarici görünüşünə görə Qalatəpə şəhər yerini iki hissəyə ayırmaq olar: 1,2 ha-a yaxın sahəsi olan içqala (narınqala) və 7 ha-dan çox sahəsi olan bayır şəhər (rabad). Bu abidənin yerləşdiyi ərazi antik dövrdə və erkən orta əsrlərdə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının Uti vilayətinə daxil idi. Kür çayının sağ sahilində yerləşən bu vilayət qərbdə Iberiyaya qədər uzanırdı.
Cənubda və şərqdə isə Albaniyanın digər vilayətləri olan Arsax və Paytakaranla həmsərhəd idi. Antik yunan coğrafiyaşünası Strabon Uti vilayətində Aynian və Eman şəhərinin adını çəkmiş, orta əsr ərəb müəllifləri isə (Istəxri, Müqəddəsi və b.) bu ərazidə yerləşən Yunan adlı şəhər haqqında bəhs etmişlər.
Ötən il Qalatəpədə aparılan ilkin tədqiqatlar bu abidənin həmin şəhərin qalıqları olduğunu söyləməyə imkan verdi.
2009-cu ildə Qalatəpə şəhər yerində I və II kvadratlara isə 2,3 m qalınlığında mədəni təbəqə tədqiq olunub, 0,7 metrlik üst təbəqənin XI-XIII əsrlərə aid olduğu müəyyənləşdirilib. Burada aşkar olunan döşəmənin üzərinə gəc məhluldan suvaq çəkilmişdir. Otağın şərq hissəsində bişmiş kərpiclərdən tikilmiş bucaq qurğusu aşkar olunmuşdur. Orta əsrlərə aid üst təbəqədən şirli və şirsiz saxsı qab nümunələrinə (küpə, bardaq, nimçə, qazan,qapaq və s.) metal və şüşədən əşya qırıntılarına rast gəlinmişdir. Iki ədəd yerüstü-təsadüfi tapılan sikkələrdən birinin də bu dövrə aid olduğunu güman etmək olar.
Qalatəpənin 0,7-6,1 m dərinlikdə açılan təbəqəsi antik və erkən orta əsrlərə aiddir. Bu təbəqədə qala divarı və bürcə, kvadrat şəkilli böyük bir otağa, yan divarları 2,3 m hündürlükdə çiy kərpiclə hörülmüş, küçə qalıqlarına və başqa tikililərə təsadüf edilmişdir. Tikintidə istifadə olunmuş çiy kərpiclərin ölçüləri də çox böyükdür. Bütün bunlar qədim Azərbaycanda gil kərpic memarlığının yüksək inkişafından xəbər verir. Antik dövrə aid alt qatlarda bişmiş kərpiclərə də tez-tez rast gəlinir. Bəhs edilən təbəqənin tapıntıları arasında üzərinə al-qırmızı boya ilə həndəsi naxışlar çəkilmiş keramika nümunələri üstünlük təşkil edir. Seyrək halda daş əmək alətlərinə, metal əşyaların qalıqlarına təsadüf olunur.
Küp qəbirlərin hekayəti
Qalatəpədən 150-200 m şərqdə 4 ha-a yaxın bir sahədə antik dövrə aid küp qəbirlərindən ibarət nekropol yerləşir. Bəhs olunan şəhər yeri ilə onun əlaqəsini öyrənmək məqsədilə burada qazıntı işi aparılmış və 4 küp qəbir aşkar edilmişdir. Vəfat etmiş şəxslər küplərdə müxtəlif istiqamətlərdə, lakin eyni vəziyyətdə – sol böyrü üstə bükülü dəfn olnmuşlar. Küplərin ətrafı nəfis hazırlanmışdır, üzərinə qırmızı boya ilə həndəsi naxışlar çəkilmiş müxtəlif ölçülü saxsı qablar düzülmüşdür. Dəfn küpünün içərisinə isə kiçik küpə, cam, dolça, mərhumun üstündə dəmirdən qılınc, tuncdan sancaq, zınqırov, üzük, quş və maral fiqurları, pastadan və müxtəlif daşlardan çoxlu muncuqlar qoyulmuşdur.
Maraqlıdır ki, küplərdən birinin üst hissəsində torpaq qəbirə də rast gəlinmişdir. Burada mərhum baş tərəfi cənuba tərəf olmaqla, arxası üstə uzadılmış vəziyyətdə dəfn olunmuşdur. Qəbir avadanlığı arasında gil qablar, bəzək əşyaları və s. ilə yanaşı I əsrə aid üfürülmə üsulu ilə hazırlanıb üzərinə emal çəkilmiş şüşədən kolba şəkilli ətir qabı diqqəti cəlb edir.
Mil düzü arxeoloji dövr etibarilə rəngarəng olmasına və abidələrin zənginliyinə, müxtəlifliyinə görə Azərbaycan rayonları arasında xüsusi yer tutur. Bu abidələrin böyük bir qismi Ağcabədi rayonunun ərazisində, Azərbaycanın ən qədim və böyük suvarma kanallarından olan Gavurarxın kənarlarında yerləşir.
Ağcabədi rayonunda müxtəlif dövrlərə aid başqa abidələrin də geniş tədqiqata ehtiyacı var. Bunlara Üzeyirkənd ərazisində Qaraköbər, “Araz” kolxozunda Əmirəhmədtəpəsi, rayon üzümçülük sovxozunda Qurdtəpəsi yaşayış məskənlərini, Salmanbəyli kəndi yaxınlığında Misir ehramlarını xatırladan Üçtəpə kurqanlarını və başqalarını misal göstərmək olar. 1960-cı ildə Üçtəpə kurqanlarından biri qazılıb açılaraq tədqiq olunmuşdur. Buradan Kür-Araz və Maykop mədəniyyətləri üçün xarakterik keramika nümunələrinin tapılması bu kurqanın tarixini (təqribən 5000 il) aydınlaşdırmağa imkan vermişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir