Pensiya sahəsində də geridəyik

Hakimiyyətin daha bir «uğurunu» rəqəmlər ifşa edir

Hətta ərəb ölkələrində də vəziyyət bizdən yaxşıdır

Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı ənənəsinə sadiq qalaraq yalnız uğurlu hesab etdiyi məqamlardan danışıb. Ilham Əliyev Azərbaycanda hazırda orta pensiyanın səviyyəsinin 180-190 dollar olduğunu deyib və bunun MDB məkanında çox gözəl göstərici olduğunu bildirib.
Ilk növbədə ölkə başçısının pensiyaların məbləğini dollarla göstərməsi diqqəti cəlb edib. Şübhəsiz ki, burda əsas məqsəd məbləğin daha çox göstərilməsidir. Öz növbəmizdə deyək ki, 180-190 dollar 140-150 manat deməkdir. Onu da qeyd edək ki, rəsmi mənbələrə əsasən, Azərbaycanda yaşayış minimumu 102 manat olsa da, müstəqil iqtisadçılar bu göstəricinin 200 manata yaxın olduğunu deyir. Digər tərəfdən, pensiya alan şəxslərin əksəriyyəti yaşlı və səhhətində problemi olan insanlardı. Ölkədəki qiymətlər isə 150 manat pensiyanın heç dərmanlara bəs etmədiyini göstərir. Hələ burda keyfiyyətli tibbi xidmətin pensiyaçı üçün əlçatmaz dərəcədə baha olduğunu demirik. Belə bir şəraitdə 150 manat pensiyanın yaxşı göstərici olduğunu demək mümkün deyil.
Digər tərəfdən, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə etməyi xoşlayan dövlət başçısı nədənsə pensiyanın məbləğini MDB ölkələri ilə müqayisə edir. Istənilən sahəni müqayisə etmək üçün 5-10 ölkəni nümunə gətirib Azərbaycanda vəziyyətin daha yaxşı olduğunu göstərmək olar. Ancaq əsas məsələ elə müqayisə edilən ölkələrdədir. Neftin gəlirləri hesabına yaşayan Azərbaycanı MDB-nin Qırğızıstan, Özbəkistan, Ermənistan, Moldova kimi ölkələri ilə müqayisə etmək doğru olmaz. Çünki bu ölkələrdə nə neft, nə də ölkəyə böyük pullar gətirən digər sərvətlər var. Hərçənd ki, bəzi hallarda bu ölkələrlə də müqayisə Azərbaycanın xeyrinə olmur.

Qərbin pensiyaçıları… minimum 900 avro…

Dəfələrlə qəzetimizdə bəzi sahələrdə çalışanların əmək haqqı, həmçinin uşaq pulları və pensiyalarını müqayisə edəndə Azərbaycanın MDB-də heç də ən yaxşı yerdə dayanmadığını görmüşük. Ancaq hər halda “uğurla inkişaf edən” neft ölkəsini digər inkişaf etmiş ölkələrlə müqayisə etmək daha düzgün olardı. Məsələn, Danimarkada pensiya maaşın 130 faizini təşkil edir. Bu ölkədə illik orta əmək haqqı 34 min avrodur. Orta yaşı götürəndə Lüksemburqda pensiyaçı ömrünün sonuna qədər dövlətdən 470 min dollar, niderlandlı 370 min, yunan 305 min, danimarkalı isə 272 min avro pul alır. Finlandiyada orta aylıq pensiya 1900, Norveçdə 1550, Israildə 1350, Almaniyada 1200, Ispaniyada 1200, Isveçrədə 900, Isveçdə 850, Yaponiyada 720, Böyük Britaniyada 700, Fransada 700, Kanadada 670, Italiyada 560, Macarıstanda 400, Polşada 380, Litvada 300 dollardan az ola bilməz. ABŞ-da tənha pensiyaçı ayda minimum 900 dollar alır. Həyat yoldaşı olanlar üçün isə 1500 dollar nəzərdə tutulub. Eyni zamanda bir çox ölkələrdə pensiya yaşına çatan insanlar xüsusi imtiyazlar da əldə edir.

Ərəb ölkələrində pensiyaçılar 400 dollar alır

Neftlə zəngin ərəb ölkələrində də Azərbaycandan fərqli olaraq pensiya çox yüksəkdir. Məsələn, BƏƏ-də 2800 dollardan aşağı pensiya yoxdur. Ölkədə qiymətlərin çox aşağı olmasını nəzərə aldıqda bu məbləğ kifayət qədər yüksəkdir. Bəhreyndə isə kişilər 20, qadınlar isə 15 il işləyəndən sonra yaşından asılı olmayaraq pensiyaya çıxır. Bu ölkədə minimal pensiya 400 dollardan artıqdır. Küveytdə isə minimal pensiya 700 dollardır. Digər ərəb ölkələri kimi burada da qiymətlər çox ucuz, bir çox xidmətlər isə pulsuzdur.
Göründüyü kimi, pensiya məsələsində də Azərbaycan inkişaf etmiş ölkələrdən çox geridədir. Bu geriləməni aradan qaldırmaq əvəzinə Ilham Əliyev manatla deməli olduğu pensiya məbləğini dollarla deyib onu bir qədər böyük göstərmək istəyir.

Fizzə