İlham Əliyevin taksi biznesi

Hakimiyyətin vətəndaşlara qarşı apardığı “çörəkdən məhrumetmə” kampaniyasının şanlı nəticəsi olaraq insanlar son imkana əl atmışdılar: taksi fəaliyyəti! Indi vətəndaşların sığındığı axırıncı istinadgaha da hücum başlayıb, hakimiyyət minlərlə insanın son tikəsini əlindən almaq uğrunda xüsusi əməliyyat həyata keçirir. Sürücülər isə artıq geri çəkilməyə yerin olmadığını görüb, etiraza başlayıblar. Hədəf Nəqliyyat Nazirliyi və Ziya Məmmədovdur.
Hədəf düzmü seçilib? Ziya Məmmədovun istefasına nail olmaqla problem aradan qalxacaq və sürücülər son tikələrini qoruya biləcəklərmi?
Bu suallara əlbəttə ki, prosesi əvvəldən izləməklə cavab tapmaq olar.
London taksiləri – “Bakıda taksi parkının London Taksi TX4 markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində gətirilir. Sifarişi “Manganese Bronze Holdings PLC” ilə Çinin “Geely Automobile Holdings Limited” şirkətinin birgə müəssisəsi olan “Shangai LTI” yerinə yetirir. Yəni, taksiləri ingilis texnologiyası əsasında qurulan Çin şirkəti istehsal edir. Müqavilənin şərtlərinə görə, 2011-ci il üçün 1000 “London taksisi” müqabilində Azərbaycan 27 milyon dollar vəsait ödəməlidir. Belə çıxır ki, bir taksinin qiyməti 27 min dollardır (21,6 min manat).
Nəqliyyat Nazirliyinin sözçüsü bəyan edir ki, taksi fəaliyyəti göstərmək istəyən hər bir şəxs “London taksisi”ni 33 min manata ala bilər. Niyə 33 min manat? Bu qiyməti kim və hansı əsasla müəyyənləşdirib? Əgər ölkədə taksi xidmətini səmərəliləşdirmək üçün dövlət büdcəsindən vəsait ayrılırsa, bundan niyə gəlir güdülməlidir və bu gəlir kimin cibinə gedir?
“London taksiləri”ni kreditə götürmək də mümkün deyil. Dövlət büdcəsi hesabına gələn avtomobilləri fantastik qiymətə və nəğd satmaqda məqsəd nədir?
Nəqliyyat Nazirliyi əvvəldən bu prosesin şəffaf keçirilməsində maraqlı olmayıb. Xatırlayırsızsa, “London taksiləri”nin keyfiyyətsizliyi, yararsızlığı və qiymətinin şişirdilməsi ilə bağlı müzakirələrə Ziya Məmmədov bir kəlmə ilə yekun vurmuşdu: “Hətta o taksilərin rəngini də cənab Ilham Əliyev seçib”. Yəni, a millət, niyə düşmüsünüz mənim üstümə, bütün məsuliyyəti “cənab” daşıyır!
Proqramı təsdiqləyən, sifariş üçün vəsait ayıran, taksilərin rəngini seçən “cənab”dır və məhz “cənab”ın istəyilə minlərlə adamı məcbur edirlər ki, ya 33 min manat verib bu taksiləri almalısan, ya da acından ölməmək üçün bizə qul olmalısan!
Qaradan artıq rəng olmadığını dərk edən sürücülərin inadlı etirazlarına da heç bir reaksiya verilmir. Nəqliyyat Nazirliyi “qayda yaratmaqda” israrlı olduğunu və taksi sürücülərinin tələblərinə heç bir müsbət cavab verilməyəcəyini açıq-açığına bəyanlayır. Əvəzində yol polisi də prosesə cəlb olunur, 2007-ci ildən əvvəlki dövrlərdə istehsal olunmuş avtomobillərin taksi kimi istifadəsinin qarşısının alınması üçün reydlər təşkil edilir, həmin sürücülər həbs olunur, fantastik miqdarda cərimələnirlər. Kimdir Ziya Məmmədov ki, yol polisini də bu işə cəlb etsin, yüzlərlə, minlərlə insanın narazılığını alovlandırsın, onları küçələrə çıxarsın? Dünyanı inqilablar bürüdüyü bir məqamda özü və yığdıqları ilə risk edəcək səviyyədə ağılsız olduğunumu düşünürsünüz Ziya Məmmədovun?
Görürsünüzmü? “Istefa!” hədəfi düzgün seçilməyib, kimsə də elə düşünməsin ki, hansısa məmur özbaşınalıq edir və “cənab”ın heç nədən xəbəri yoxdur.
Bunlar bəlli. Mənimçün maraqlı olan ayrı məsələdir: Bu xarabanın şəxsi cibə axan nefti, qazı, qızılı, kürüsü tükəndimi, yalnız bir ailəyə tabe olan yüzlərlə zavodu, fabriki iflic oldumu, milyardlar bahasına gerçəkləşən iri-iri layihələr buxarlandımı ki, indi də “taksi biznesinə” girişilib? Xırda saydığımız əməliyyatlara girmək nə üçün?
Rauf Denktaş da öldü
“Taksi biznesi” yadıma bir neçə ay öncə Türk Dünyasının canlı əfsanəsi sayılan Rauf bəyin 7 min lirəlik (təxminən 3,5 min manat) təqaüdünün ona dolanması üçün çatmadığı barədə açıqlamasını saldı. Ömrünü Quzey Kıprısın azadlığı uğrunda mücadiləyə verən və 30 ildən artıq bu ölkəyə rəhbərlik edən şəxs təqaüdün öhdəsindəydi.
40 il Liviyaya rəhbərlik edən Müəmmər Qəzzafinin isə 200 milyard dollar nəğd pulunun olmasını bütün dünya bilir.
Hər ikisi öldü – prezidentlik kürsüsündə olmayan Rauf Denktaş da, ölənə qədər “rəhbər” adını daşıyan Qəzzafi də. Milyardları Qəzzafiyə hayan olmadı, dolanışığına çatmayan təqaüd isə Rauf Denktaşdan heç nə almadı – yalnız adını yüksəltməkdən başqa.
Anlada bildimmi?