Qubad Ibadoğlu: «Investisiyaların böyük hissəsinin daxili vəsait olması uğur sayıla bilməz»
Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunduğunu bildirib. Prezidentin sözlərinə görə, başa çatan ildə bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir.
Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Lakin ölkə başçısı bu investisiyaların hansı sahələrə yatırıldığını açıqlamayıb. Qeyd edək ki, həm beynəlxalq təşkilatların hesabatlarında, həm də yerli ekspertlərin açıqlamalarında investisiya layihələrində korrupsiya yükünün əhəmiyyətli yer tutduğu göstərilir. Büdcədən investisiya layihələrinə böyük vəsaitlərin ayrılması da bununla izah olunur. Bəs ümumiyyətlə, investisiyalar daha çox hansı sahələrə yatırılır?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu neft pullarının belə sürətlə xərcləndiyi dövrdə iqtisadiyyata bu qədər investisiyanın yatırıldığını real hesab edir. Lakin investisiyaların böyük hissəsini daxili vəsaitin təşkil etməsi uğur sayıla bilməz: “Indiki şəraitdə bu vəsaitin əsas mənbəyini daxili investisiyalar təşkil edir. Bunlar daha çox büdcədən və eyni zamanda Neft Fondundan maliyyələşən layihələrdi. Əgər Azərbaycan iqtisadiyyatına 37 mlrd. xarici investisiya cəlb etsəydilər, bunu iqtisadiyyatın böyük uğuru saymaq olardı”.
Ekspert vəsaitlərin əhəmiyyətli hissəsinin infrastruktur layihələrinə yönəldiyini də qeyd etdi. Belə ki, xarici investisiyalar daha çox sənaye və neft sektoruna, daxili investisiyalar isə daha çox tikintiyə, nəqliyyata, ticarətə, xidmətə qoyulub: “2010-cu ildə xarici investisiyalar daha çox sənaye sektoruna qoyulub. Bu göstərici 425 mln. dollar səviyyəsindədir. Tikintiyə 89 mln. dollar, ticarət və xidmətə 72 mln. dollar, nəqliyyata 69 mln. dollar, kənd təsərrüfatı isə 13,2 mln. dollar investisiya qoyulub”.
Fizzə