“Idman ili”ni “Kitab ili”nə çevirək!

Şahənşah 2012-ni “Idman ili” elan etdi.
Bundan əvvəl:
2009-cu il “Uşaq ili” elan edildi, eyni ildə ölkənin yeganə “Uşaq Teatrı” qapadıldı.
Eyni ildə Bakı “Islam mədəniyyətinin paytaxtı” elan edildi, məscidlər qıfıllandı.
2010-cu il “Gənclər ili” elan edildi, eyni ildə ölkənin iki ictimai fəal, yüksək təhsil almış gənci şərlənərək həbsə atıldı.
2011-ci il “Turizm ili” elan edildi, eyni ildə ölkənin iki jurnalistinin bir turizm obyektində – oteldə intim görüntüləri çəkildi, pik saatda rejim telekanalları ilə bütün ölkəyə nümayiş olundu.
Bütün bunları xatırladıqca istər-istəməz düşünür adam: “Idman ili”ndə hansı sürprizlər gözləyir bizi? Mümkündürmü ki, hardasa idman-olimpiya kompleksini söksünlər, ya da hansısa idmançının gizli intim kadrlarını çəkib xalqa göstərsinlər? Hər halda, bundan əvvəlki illərin təcrübəsindən çıxış etsək, adamın ağlına başqa şey gəlmir.
Amma orası da var ki, Ilham Əliyevin idmançılara rəğbəti, sevgisi çox səmimidir, bu rejim onlardan xalq etirazları zamanı qoçu kimi istifadə edir. Idmançıların həqiqətən hakimiyyətin boynunda böyük minnəti var, ona görə də “Idman ili”ndə “Turizm ili”nin, “Uşaq ili”nin, nə bilim, “Gənclər ili”nin-zadın təcrübəsinin təkrarlanması ehtimalı ya çox azdır, ya da yerli-dibli yoxdur.
“Idman ili”nin ilk müjdəsi
Bəli, hörmətli oxucular, “Idman ili” başlar-başlamaz bunların Istiqlaliyyət küçəsindəki “Akademiya” kitab mağazasını satdıqları ortaya çıxdı. Dünən bununla bağlı yayılan xəbərdə deyilirdi ki, mağazanı iki yerə bölüblər, kitablar indi onun balaca bir küncündə satılır, yerdə qalanını isə yəqin ki, artıq kimsə özününküləşdirib. Mağazanın işçiləri də deyiblər ki, məsələ onlarlıq deyil, iş yuxarı səviyyədə həll olunub.
Əlbəttə, burada “yuxarı səviyyədə” ifadəsi formal məna daşıyır, tamah dişi bir kitab mağazasına göz dikəcək, ona əl qoyacaq, ondan pul qırxacaq qədər itilənmişlər əslində, ən aşağı səviyyəli adamlardır. Belələri, hətta nifrətə və təhqirə də layiq deyillər. Belələrinin kitabları yandıran, kitabxanaları alt-üst edən orta əsr qəsbkarlarından heç bir fərqi yoxdur.
Bəs nə etməli?
Bir müddət əvvəl Bakıda gənclərin kitab aksiyasını polisin necə vəhşicə dağıtdığının hamılıqla şahidi olduq. Indi də kitab mağazasını satırlar. Kitabxanaları kababxanalara çeviriblər. Bütün bunlar ölkəni idarə edənlərin kitabdan, bilgidən, mədəniyyətdən nə qədər qorxduğunu göstərir.  
Bütün bunlar həm də o deməkdir ki, kitabsızlıq, bilgisizlik, mədəniyyətsizlik rejimin ən zəif yerlərindən biridir və biz bundan sonra onu həm də bu zəif yerindən vurmalıyıq. Daha çox oxumalı və başqalarına da oxutmalıyıq. Kitabı mübarizəmizin ən vacib, ən vazkeçilməz elementinə çevirməliyik. “Idman ili”ni “Kitab ili”nə dönüşdürməli, kitabla bağlı aksiyaları daha ardıcıl, davamlı təşkil etməliyik.
Yalnız kitablarla da kifayətlənməməliyik. Teatrlar sevimli ünvanlarımızdan birinə çevrilməlidir. Film nümayişləri, müzakirələri bir-birini əvəz etməlidir. Sərgilər təşkil olunmalıdır.
Qoy, bunlar əzələlərini şişirtməkdə olsunlar. Daha güclü yumruqlara, daha qüvvətli biləklərə sahib olmaq üçün dəridən-qabıqdan çıxsınlar. Amma biz də unutmayaq ki, bu gün istənilən mücadilə biləklərlə deyil, beyinlərlə qazanılır. Qələbə – zopası deyil, zəkası güclü olanlarladır, yaddan çıxarmayaq.
Seçim vaxtı
Bəli, “Idman ili” başlayan kimi ölkənin tək-tük kitab mağazalarından birini satmaqla əslində, rejim də bizi seçim etmək məcburiyyəti qarşısında qoydu: biləkmi, beyinmi? Güləş döşəyimi, kitab rəflərimi?
Gəlin, seçimimizi dəqiqləşdirək, başqalarının da doğru seçim etməsinə kömək edək. “Idman ili”ni “Kitab ili”nə çevirək.
Ən çox da gənc fəallara səslənir, onların təşəbbüskarlığına, çalışqanlığına ümid edirəm: gəlin, əl-ələ verək, rejimi ən zəif, bir daha dikəlməsi, ayağa qalxması mümkün olmayan yerindən vuraq – Kitabsızlıqdan! Bilgisizlikdən! Mədəniyyətsizlikdən!