“Erməni qanunu”na ilk qadağa

Fransa Senatının Konstitusiya Komissiyası parlamentin aşağı palatasında qəbul olunan qondarma erməni soyqırımı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Senatın gündəliyinə çıxarılmamasını nəzərdə tutan təklifi qəbul edib. Ötən gün keçirilən səsvermədə 29 millət vəkili təklifin lehinə, 9 nəfər əleyhinə səs verib. 8 nəfər isə bitərəf qalıb. Beləliklə, qanun layihəsi konstitutsiyaya zidd və “qəbul edilə bilməz” hesab olunub.

Təklifin qəbul edilməsi qanun layihəsinin Senatın ümumi yığıncağına çıxarılmayacağı demək deyil. Belə ki, Konstitutsiya Komissiyasının qərarına baxmayaraq təklif yanvarın 23-də Senatın gündəliyinə gətiriləcək, ancaq son səsvermədən öncə qanun layihəsi ilə bağlı yuxarıdakı təklif səsverməyə çıxarılacaq. Təklif qəbul edilərsə, qanun layihəsi müzakirəyə çıxarılmadan gündəmdən düşəcək.

Xatırladaq ki, qanun layihəsinə görə, “erməni soyqırımı”nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə “erməni soyqırımı”nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.

İnformasiya şöbəsi