Əslində bu məsələ daha geniş auiditoriyada müzakirə olunmalıdır. Buna bizim imkanımız yoxdur, imkanı olanları isə GENEFOND maraqlandırmır. Başımızın üstünü kəsdirmiş belə bir ciddi təhlükə haqqında oxucuları məlumatlandırmağa qərar verdim və hələ də ümid edirəm ki, özünə “müstəqil” adı qoymuş telekanallardan biri, yaxud Milli Elmlər Akademiyası genefondun təhlükədə olduğunu görüb həyəcan siqnalı səsləndirəcək.
Genefonda bir sıra amillər çox ağır təsir göstərir. Qəzetin yazı üçün ayrılmış həcmini nəzərə alıb bu amillərdən daha ciddi hesab olunanların üzərində dayanmaq məcburiyyətindəyəm.
1. Narkomaniya – Genefonda çox dəhşətli təsir edir və Azərbaycanda epidemiya kimi yayılmaqdadır. ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda 200 mindən artıq narkoman olduğu vurğulanır. 9 milyon əhalisi olan Azərbaycan üçün bu 200 min rəqəmi çox dəhşətli rəqəmdir. Hər 45 adamdan birinin narkomaniyaya aludə olması həm cəmiyyəti, həm də dövləti ciddi düşünməyə vadar etməlidir. Nədən ki, o 200 minin ən yaxın çevrəsi ilə (valideynləri, həyat yoldaşları və xəstə uşaqları) birlikdə sayı təxminən milyon yarım edir və təkcə bu faktor genefondu məhv etmək gücündədir. Nəzərə almaq lazımdır ki, narkomanların böyük əksəriyyəti 30 yaşını keçə bilmir, ailə qurduqdan sonra dünyaya gətirdikləri uşaqların 90 faizindən çoxu ağır psixi xəstəliklərə düçar olur və narkomanlar cinayət əməllərinə daha çox meyllənirlər.
2. Alkoqolizm – son illər sürətlə artır. Dünya Səhiyyə Təşkilatı artıq Azərbaycanı adambaşına daha çox spirtli içkilər qəbul edən ölkələr siyahısında göstərir. Rəsmi statistika ölkədə alkoqoliklərin sayını açıqlamır. Ancaq fakt ortadadır. Son on ildə Azərbaycanda restoranların, gecə barlarının və digər “xana”ların sayı həddən ziyadə artıb. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkədə spirtli içkilərə marağın güclənməsinin səbəblərini qoy Qafqaz Müsəlmanları Idarəsi izah etsin, həkim olaraq alkoqolizmin genefonda təsiri barədə bir-iki cümlə yazmaq istəyirəm. Hələ 130 il əvvəl Fransada həkimlər 1000 idiot uşaq üzərində tədqiqatlardan sonra bu nəticəyə gəldilər ki, xəstə uşaqların 80 faizinin valideynlərindən biri və ya hər ikisi xroniki alkoqoliklərdir. Alkoqol qəbulundan sonra cinsi mayalanmanın baş verməsi doğulacaq körpənin mütləq ağıl zəifliyinə düçar olacağı deməkdir. Bu sətirləri oxuyarkən, lütfən, məclislərdə müvazinətini itirənə qədər araq içənləri xatırlayın və onların övladlarının ağıl səviyyəsi ilə maraqlanın.
3. Psixi xəstəliklər – eynən narkomaniya və alkoqolizm kimi artmaqdadır. Rəsmi statistika 2010-cu ildə müalicə-profilaktika müəssisələrində 130 minə yaxın xəstənin qeydiyyata dayandığını göstərir. 2000-ci ildə 92 min xəstə qeydiyyatda idi. 10 il müddətində yalnız psixi pozğunluğu olan xəstələrin sayının 38 mindən artıq çoxalması cəmiyyəti, xüsusən, ziyalıları ciddi düşündürməlidir.
4. Şəkərli diabet – el dili ilə desək, “şəkər” xəstəliyi də artmaqda davam edir və bu xəstəliyin genefonda təsiri indi bütün dünya alimlərini narahat etməkdədir. Rəsmi statistikaya dönək. 2010-cu ildə Azərbaycanda 121 mindən bir az artıq Şəkərli diabet xəstəsi qeydiyyatda olub. 10 il əvvəl 2000-ci ildə isə belə xəstələrin sayı 42 min nəfər idi. Genefonda, millətin genetik koduna təsir gücünə görə xüsusi çəkisi olan Şəkərli diabetin son 10 ildə 3 dəfə artması həyəcan siqnalı səsləndirməyin zamanı olduğunu diqtə edir.
5. Vərəm xəstəliyi – BMT-nin xüsusi önəm verdiyi xəstəliklərdən biridir. Ötən ilin payızında Dünya Səhiyyə Təşkilatı (DST) dünyada vərəmin yayılmasını əks etdirən ənənəvi illik hesabatını açıqladı və məlum oldu ki, DST ekspertləri Azərbaycanı da bu xəstəliyin geniş yayıldığı ölkələr sırasına aid ediblər. Bəzi mənbələr Azərbaycanda 10 mindən artıq vərəmə yoluxmuş xəstə olduğunu qeyd edir. Bu rəqəm həqiqəti özündə əks etdirmir. Vərəm xəstələrinin sayı qat-qat çoxdur. Və bu xəstəliyin genetik koda nə qədər ağır təsir etdiyini, deqradasiyanın təzahür etməsində nə qədər önəmli rol oynadığını xüsusi qeyd etmək gərəkdir. Onu da qeyd etmək gərəkdir ki, lap belə ölkədə 10 min vərəm xəstəsinin varlığı şəstlə vurğuladıqları “analoqsuz inkişafın” sabun köpüyündən savayı bir şey olmadığını sübut edir…