Bu gün İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. İclasa Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edib. İclasda ölkədə ictimai-siyasi vəziyyət və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Koordinasiya Şurası öz hüquqlarının müdafiəsinə qalxan taksi sürücülərini tam müdafiə etdiyini bildirib. İclasda əsas müzakirə mövzusu kütləvi tədbirlərlə bağlı olub və bir sıra müvafiq qərarlar qəbul edilib.
Koordinasiya Şurası hesab edib ki, fevral ayından başlayaraq piketlər, flaşmoblar və digər etiraz aksiyaları həyata keçirilməlidir. Koordinasiya Şurası İctimai Palatanın böyük mitinqlərinə sistemli hazırlığa başlamaq barədə qərar verib.
İclasda bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb. Yanvarın 19-da saat 14-də Müsavat Partiyasının qərargahında Fransa Senatının sözdə erməni soyqrımının inkarı haqqında qanun layihəsi məsələsi ilə bağlı dəyirmi masa keçirilməsi qərara alıınb. Dəyirmi masanın mövzusu “Fransa senatının demokratiya, Azərbaycan -Türkiyə münasibətlərinin qardaşlıq sınağı” adlanır.
Koordinasiya Şurasının iclasında son günlər AXCP üzvlərinə hakimiyyətin təzyiqləri, rayon və şəhər təşkilatlarının toplantılarına mane olunması ilə bağlı bəyanat da qəbul edilib.