Yanılmıramsa, jurnalistləri çıxmaqla taksi sürücüləri ilk peşə sahibləridi ki, öz hüquqları uğrunda mübarizəyə başlayıblar, aksiya keçiriblər, fikir səsləndiriblər, hətta “istefa” deyə hayqırıblar.
500-ə qədər sürücü. Insan. Ata. Ailə başçısı. Kişi… Bu miqyasda həmkarın bir araya gəlməsi, mütəşəkkil şəkildə toplaşması xəbərini heyrət və heyranlıqla izlədim. Azərbaycanda həmkarlar ittifaqları, birlikləri deyilən bir şey yoxdu ki, onları birləşdirdi deyəsən, bir yerə topladı və tələblərini sistemləşdirib hakimiyyətə çatdırdı. Gerçəkdən mənə maraqlı gəlir. Əslində, bir-biri ilə vahid iş yeri, ünsiyyət, xəbərləşmə imkanı olmayan bu vətəndaşlar hansı formada bu cür bir araya gələ biliblər? Axı onlar hansısa daşıma, nəqliyyat firmasının işçiləri də deyil ki, ortaq məxrəcə gələ və aksiya planı hazırlayalar. Müxalifətin hər aksiyasının necə çətinliklə başa gəldiyini çoxumuz bilirik. Media, vahid təşkilat üzvlüyü, xəbərin yayılma imkanları… Xalqı, toplumu, vətəndaşları onsuz da KIV-in büsbütün hökumət nəzarətində olduğu şəraitdə aksiyalarla bağlı qabaqcadan bilgiləndirmək mümkün deyil. Heç nəyə baxmayaraq, hansı çətinliklərlə olsa da, siyasi aksiyalar baş tutur, cəmiyyət bu aksiyalara qoşulmasa da, cəmiyyətin siyasi qurumlara qoşulan fərdləri aksiyalara çıxır, döyülür, saxlanılır, tutulur və Napoleon kimi, “hə, bir də”,- deyib yenidən savaşa atılırlar. Ancaq bu, xalq və ya toplum deyil, hansısa siyasi partiyalardı. Bəs çörəyi taksidən çıxan qardaşlarımız? Zənnimcə, onlar qabaqcadan mediada bu haqda xəbər, bildiriş də yaymayıblar. Bəs onlar hansı şəkildə birləşiblər və aksiyaları baş tutub? Həm də bu qədər gözədəyəcək şəkildə uğurlu, səsli-küylü, gurultulu.
Gerçəkdən bu iş mənimçün müəmma olaraq qalır. Ola bilsin, qələm dostlarımın çoxu bu haqda bilgilidi. Ama mən öz bilgisizliyim içində heyrətdəyəm. Nə olur-olsun, baş tutmuş istənilən aksiyanın bir təşkilatçısı, ideyavericisi var. Axı, kim bilmir ki, Azərbaycan üçün bu, unikal hadisədi. Yüz minlərlə haqqı tapdanan, hüquqları pozulan qruplar, peşə sahibləri var ki, bu cür kompakt şəkildə ayağa qalxıb haqlarını tələb eləyə bilmirlər və heydərizm adlı əzrayılın caynağında tək qalmaqla məğlub olur, tək-tək, bir-bir, ayrı-ayrı rüşvət verməklə çörəklərini qazanmaqda davam eləyirlər. Bu yaxınlarda bildim ki, rayonlardan birinə gələn yeni icra hakimi hər şeydə konkret rüşvət miqdarı təyin eləyib – satılan həyətyanı torpaq sahələrinə, dükan-bazar yerlərinə və s. Indi bütün rayon bilir ki, əvvəlki rüşvət miqdarının üstünə nə qədər gəlib və niyə. Hətta kənd yerlərində camaatın öz həyətində açdığı, kommersiya iznli toyuqdamı dükanlara belə, hər m2-a görə 50 manat haqq qoyulub, sahə ölçülüb, rayonun bütün kəndlərinin “dükan” yiyələri bu məbləği ödəyib və çax-çuxlarına davam izni alıblar. Adam dəhşətə gəlir. Minlərlə adam minimum 10 kvadrat metrdən götürəndə 500 manat rüşvəti ödəməyə razı olur, ancaq bir addım atıb bu haqları tapdalananları bir yerə yığaraq IH-nin qapısına tökə bilmir. Neynəyəcək IH başçısı? Hamını ucdantutma tutduracaqmı? Inanmıram. 3-4 nəfəri içəri atacaqlar, birlik olarsa, qalanları onlar üçün də polisin qapısına axışacaq və problemlərini öz mübarizələrinin sayəsində həll edəcəklər – rüşvətsiz, qanunla. Lakin bu, baş vermir və hamını toyuq kimi tək-tək yolurlar. Vətəndaşlar müti qul kimi boyun əyib cəllad baltasının ağzına doğru gedirlər. Növbəti icra başçısı da gələcək, onu da razı salacaqlar, çünki o da öz tabe olduğu, onu bu vəzifəyə qoyanlara, yəni korrupsiyaya qarşı mübarizə idarələrinin başında duranlara yüz minlərlə rüşvət ödəyib gələcək.
Mən hələ də bu sürücü üsyanının şoku içindəyəm. Çox istərdim onların bir araya gəlmək təcrübəsi açıqlansın və xalq birləşməyin əlifbasını öyrənsin. Nə isə, Əlifba üsyanımız mübarək olsun!