Əli Kərimli: “Regionda gedən demokratikləşmə prosesini müzakirə etdik”
Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin yanvarın 18-də müxalifət təmsilçiləri ilə görüşüb.
Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “ReAL” Hərəkatının rəhbəri İlqar Məmmədov və Ümid partiyasının sədri İqbal Ağazadə iştirak edib.
AXCP sədrindən aldığımız məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətlərinin geniş spektri müzakirə olunub.
“Regionda gedən demokratikləşmə prosesi və regional problemləri müzakirə etdik, Azərbaycandakı problemlər üzərində xüsusilə dayandıq. Azərbaycanda siyasi məhbusların taleyi, sərbəst toplaşma azadlığı, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, medianın fəaliyyətinə yaradılan maneələr, internet azadlığı əsas müzakirə mövzumuz oldu.
Cənab Rubin bildirdi ki, ABŞ üçün Azərbaycanda təhlükəsizlik və enerji məsələləri ilə yanaşı demokratik inkişaf, siyasi və iqtisadi islahatların aparılması prioritet məsələ olaraq qalır. Onlar hər zaman Azərbaycan hökuməti ilə dialoqlarında bu islahatların aparılmasına çağırıblar, bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insane hüquq və azadlıqların təminatı ilə bağlı həm hökumətlə, həm də müxalifətlə dialoqu davam etdirəcəklər”, – deyə Ə.Kərimli görüş barədə məlumat verib.