Görünür, tarix, nə qədər ki, onun iştirakçıları həyatdadır, olduğu kimi yazıla bilmir – bu da onun, tarixin qanunudur. Sən çox uca bir binanın lap önündə olanda, onu necə var görə bilmirsən, yaxşıca görmək üçün ondan bir qədər məsafəyə çəkilmək lazımdır, ancaq bu halda binanın bütün panoramı sənin gözlərin önündə açılır. Tarixi hadisələr də belədir. Həm iştirakçıların qeyri-obyektiv, hətta bir qədər qərəzli münasibəti, həm də siyasi tarix həvəskarları olan insanların bolluğu bunun üçün bir qədər əngəl yaradır. Biz hələ həmin tarixi hadisə – 20 Yanvarla bağlı suallarımıza cavab tapmamışıq.
Iki nomenklaturanın məngənəsində
20 Yanvar olmasaydı Azərbaycan müstəqil olmayacaqdımı? Bu sual 22 ildir ki, cavabını tapmayıb. Soyuq məntiqlə yanaşanda, 20 Yanvar o vaxtkı xalq hərəkatının maraqlarına cavab vermirdi. Qarşıdan parlament seçkisi gəlirdi və ölkəyə, demək olar, nəzarət edən bu hərəkat böyük ehtimalla seçkidən qalib çıxacaqdı. Bəlkə məhz buna görə siyasi radikalizm stimullaşdırılırdı ki, parlament o vaxtkı müstəqillik hərəkatı iştirakçılarının nəzarətinə keçməsin və onlar tam qanuni və leqal yolla öz proqram və məramnamələrini həyata keçirə bilməsinlər? 20 Yanvar bir günün hadisəsi deyildi, buna qədər qeyri-seçki yolu ilə, radikal üsullarla dövlət strukturlarının ələ keçirilməsi artıq başlanmışdı. Moskva zorakılığın artmasında çox maraqlı idi, çünki o, zorakı müstəvidə özünü daha rahat hiss edirdi, lap suda balıq tək! Çökməkdə olsa da, o böyük imperiya idi, nizami ordusu vardı. Bunun qarşılığında isə tank qarşısına ən yaxşı halda minik maşını çıxara bilən xalq vardı. O vaxt hamını ən çox narahat edən nə idi? Azərbaycan bütün yenidənqurma illərini demək olar ki, fövqəladə vəziyyət şəraitində keçirmişdi və həmin vaxt da təzədən fövqəladə vəziyyət tətbiq etməyə hazırlaşırdılar. Bəli, fövqəladə vəziyyətdə yaşamayanlar bunun nə demək olduğunu çətin dərk edər. Ölkə sənin üçün sanki həbsxanaya çevrilir! Bu həbsxanada neçə il yaşamaq olardı! O vaxtlar hakimiyyətin dəyişməsində iki siyasi vektor maraqlı idi. Bu iki siyasi vektor yeni və köhnə nomenklatura idi. Biri post-durğunluq dövrünün, o birisi isə durğunluq dövrünün nomenklaturası idi. Hər ikisi öz məqsədinə və amalına çatdı. Post-durğunluq dövrünün nomenklaturası tam hakimiyyətə gəldi. O birinin, durğunluq dövrünün siyasi nomenklaturasının isə canı təqiblərdən qurtardı, çünki həmin dövrdə durğunluq illərinin partiya nomenklaturasına qarşı çox ciddi təqiblər və təzyiqlər vardı, bütün sahələrdə onların təsirini azaltmağa cəhd edirdilər. Üstəlik, M.Qorbaçov da prosesi stimullaşdırırdı və hətta Bakıya da Daşkənd tək təhqiqat komissiyalarının göndəriləcəyi haqda söhbətlər gəzirdi. 20 Yanvar prosesin qarşısını aldı və köhnə nomenklatura rahat nəfəs aldı. Sonuncu həm də öz gücünü və təsirini nümayiş etdirdi, öz maraqları uğrundakı mübarizəni böyük bir regionçu mübarizəyə çevirməyi bacardı, ölkənin iki böyük regionunu həmin prosesə cəlb edə bildi. Bu onlar üçün həm də gələcək mübarizə baxımından əhəmiyyət kəsb edirdi, çünki o, yeni siyasi elitanı – post-durğunluq dövrünün nomenklaturasını da rəqib hesab edirdi. Ona görə də bu gün soruşulanda ki, ölkə hansısa formada 20 Yanvardan qaça bilərdimi, buna müsbət cavab vermək olar. Bəli, ölkədə bir radikallıq qığılcımı hiss olunurdu, bunları inkar etmək olmaz, zira köhnə və yeni nomenklatura bu qığılcımları əsl tonqala çevirdi.
Bəs şəhidlər niyə üçüncü oldu?
Bu dəfə də rəsmilər Şəhidlər xiyabanına yollanacaq. Onlar həmin şəhidlərə minnətdar olmalıdır, çünki 20 Yanvar köhnə nomenklaturaya onun itirdiyi və müvəqqəti olaraq əlindən çıxardığı bütün siyasi və iqtisadi təsirləri yenidən qaytardı. Amma burada da bir kiçik nüans var. Əvvəllər ölkəyə baş çəkənlər öncə şəhidləri ziyarət edirdilər, lakin indi şəhidlər ziyarət edilənlər sırasında sayca üçüncüdürlər.
Sözardı
Tarixi təzədən yazmaq olar. Əsl tarix yazılana qədər bu proses gedəcək. 20 Yanvar təkcə qəhrəmanlıq idimi? Üstündən 22 il keçsə də, mən bu sualın da cavabını tapmağa çalışıram…

20 Yanvar baş verməyə bilərdimi?
•


