Hüquqşünas baş redaktor sensasiyalı məlumatlar açıqladı
“Yusif Ildırımzadə deyib ki, Əyyub Kərim bizim nəslin düşmənidir, mən qudama dedim ki, Elmar yox, Əyyub Kərim öldürülməli idi”
“Elmar Hüseynova yox, Əyyub Kərimova güllə atılmalı idi”. Bu fikir Xətai rayonunun prokuroru, daxili işlər naziri Ramil Usubovun qudası Yusif Ildırımzadəyə məxsusdur. Tanınmış hüquqşünas, “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərim ”Təzadlar” qəzetinə müsahibəsində deyib ki, Yusif Ildırımzadə bu fikirləri bir məclisdə səsləndirib. Qəzetin dünənki sayında müsahibədən verdiyi anonsda belə deyilir.
Əyyub Kərim “Azadlıq”a açıqlamasında “Təzadlar”a müsahibəsində bu fikirləri söylədiyini bildirib və bəzi təfərrüatları diqqətimizə çatdırıb: “Yusif Ildırımzadə bir neçə il əvvəl yas məclislərinin birində mənimlə ailəvi dost olan bir nəfərə deyib: ”Bizim nəslin yanında Əyyub Kərimin adını çəkmə. O, bizim nəslin düşmənidir. Çünki bizi Məhərrəm Əliyevə satıb. Elmar Hüseynov öldürüləndə qudama dedim ki, Elmar yox, Əyyub Kərim öldürülməli idi”. Onun “qudam” deyəndə Ramil Usubovu nəzərdə tutduğu aydındır. Indi mən deyə bilmərəm ki, Yusif Ildırımzadə doğrudan da Ramil Usubova belə bir söz deyib ya yox. Lakin hesab edirəm ki, desə belə, nazir ona “get işinlə” məşğul ol deyə, cavab verərdi. Çünki Ramil Usubov Yusif Ildırımzadə ağlında olan adam deyil”.
Əyyub Kərim onu da əlavə edib ki, Usubovla arasında hər hansı düşmənçilik yoxdur: “Sadəcə mən onun fəaliyyətini tənqid etmişəm və edirəm. Burada hər hansı şəxsi düşmənçilikdən söhbət gedə bilməz. Onları Məhərrəm Əliyevə satmağıma gəlincə, mən sabiq polis rəisini də dəfələrlə tənqid etmişəm. Onun da uzun müddət vəzifədə saxlanılmasını pisləmişəm. Istefa verməli olduğunu bildirmişəm”.
Hüquqşünas Yusif Ildırımzadənin söylədiklərini məhz indi açıqladığına aydınlıq gətirib: “Uzun müddət mənimlə Ramil Usubov arasında məhkəmə çəkişməsi olub. Düşünürdüm ki, həmin vaxt açıqlamasam deyərlər ki, nazirlə məhkəmə çəkişməsi var deyə onu şantaj edir. Sadəcə ”Təzadlar” qəzetinə hardansa bu barədə məlumat daxil olmuşdu. Məndən soruşdular, mən də dedim”.
Yusif Ildırımzadənin söylədikləri həqiqətdirsə, yəni, o doğrudan da Ramil Usubova belə bir söz deyib, ümumiyyətlə belə bir fikir səsləndiribsə, özü də bilmədən hakimiyyəti pis vəziyyətdə qoyub. Çünki onun bu fikirləri Elmar Hüseynovun qətlində hakimiyyətin əlinin olduğu barədə mülahizələri möhkəmləndirir.
Azad