On illər ərzində davam edən Iran böhranı özünün düyün nöqtəsinə çatıb. Ən yaxın günlər üçün nə baş verəcəyini demək çətin olsa da böhran özünün bir final mərhələsini yaşayır. Indi bəlkə də daha bir yeni Isgəndər lazımdır ki, öz qəti hərəkətilə bu məsələyə yekun vursun. Lakin Iran məsələsinin bu tezliklə həll ediləcəyinə şübhəm var. Bunun bir neçə səbəbi var.
1. Iran dünya siyasətində öz missiyasını hələ bitirməyib. Irana böyük acığım və nifrətim olsa da bir faktı konstatasiya etməyə məcburam: bir “mavr”ın öz yerini tərk etməsi üçün başqa bir “mavr” yetişməlidir. Mən hələ yeni mavrı görmürəm. O da qoca Şərqin üfüqlərində peyda olmalıdır, lakin hələ ki, onu görən olmayıb.
2. Bu vaxta qədər də bir neçə dəfə ABŞ-ın Irana zərbələr endirəcəyi haqda xəbərlər olub. Amma bunlar təsdiqini tapmayıb. ABŞ-da da heç də hamı Iranla müharibəni asan təsəvvür etmir. Mən bu vaxta qədər bütün bizə çatan açıqlamalara diqqət yetirmişəm. Prezidentlərdən başqa, demək olar, bütün yüksək rütbəli ABŞ rəsmiləri müxtəlif vaxtlarda Iranın heç də nüvə və yaxud da başqa kütləvi qırğın silahı hazırlamadığını bəyan ediblər.
3. Indi hər şey ona hesablanıb ki, neftə yasaq qoyulandan dərhal sonra Iran Hörmüz boğazını bağlayacaq. Amma birdən bağlamadı? Birdən onun buna cəsarəti çatmadı? Onda nə olacaq?
4. ABŞ digər kanallarla da hərəkət edir. Bu yaxınlarda Iranın dini rəhbərinə o bir məktub da göndərdi. Bu məktubda nə yazılmışdı? Bunu heç kim bilmir.
Həmişə ABŞ-ın xarici siyasəti haqqında yazanda S.Hantinqtonun bir neçə il əvvəl təlaşla yazdığı bir fikri xatırlayıram. O yazırdı ki, bəs soyuq müharibə bitəndən sonra ABŞ millətinin taleyi nə olacaq, onu hansısa ideya səfərbər edə biləcəkmi? Hantinqton yazırdı ki, müxtəlif vaxtlarda amerikalı insanlar müxtəlif təhlükələr sayəsində səfərbər olublar: müxtəlif vaxtlarda o faşizm, ya soyuq müharibə, yaxud da hindular qarşısında qorxu olub… Mən indi məşhur Bin Ladeni də xatırlayıram. O, öz missiyasını başa vurandan az sonra çox asanlıqla aşkar edildi və aradan götürüldü. Bilirsiniz, mən bunları yazmaqla dünya siyasətinə bir konspiroloji məzmun gətirmək istəmirəm, ən azı ona görə ki, mənsiz də bu məzmun var. Mənim Irana münasibətim də elə olduqca pisdir. Bu təkcə Irandakı rejimlə bağlı deyil. Ortada Cənub məsələsi var. Amma silahlar işə düşəndə cənubluları digərlərindən ayırmayacaq. Ona görə də müharibədən söhbət düşəndə mən cənublu qardaşlarımızı, onların ailə-uşaqlarını düşünürəm. Bu tərəfdəki Azərbaycanı da yaddan çıxarmaq mümkün deyil. Bizim regiondakı bütün mümkün inkişaf ssenarilərini nəzərə alan strateji bir konsepsiyamız varmı? Şəxsən mən belə bir konsepsiyanın mövcudluğuna inanmıram. Təcrübə nə göstərir? Ərəb ölkələrində, Liviyada proseslər baş verərkən qonşu ölkələri qaçqın axını bürümüşdü! Buna nəzər yetiririkmi, mümkün hadisə zamanı belə bir perspektivi nəzərə alırıqmı?..
Seçki saxtalaşdırılmışdı, ya yox?
Avropa Məhkəməsi daha bir neçə iddiaçımızın tələbini ödədi. Bunların ciddi siyasi nəticələrə gətirib çıxaracağını güman etməsək də, o qədər də mənasız deyil. Ən azı bunu xarici müşahidəçilərin nəzərinə çatdırmaq olar: sizlər ərz edirsiniz ki, seçki prosesində irəliləyiş olub, lakin alın, bu da sizin üçün bir neçə ciddi fakt! Növbəti mərhələlərdə belə müraciətləri kütləviləşdirmək də olar. Amma kaş elə olaydı ki, bizim bu hakimiyyətdən canımız birdəfəlik xilas olaydı, heç belə mərhələlərə ehtiyac qalmayaydı! Bilirsiniz, bunların məntiq dünyası da bizimkindən fərqlidir. Faktları ortaya qoyursan, amma bunun da bir təsiri olmur, öz dediklərini deyirlər! Mənə elə gəlir ki, növbəti seçkinin də ərəfəsində bu faktları toplayıb məcmu şəkildə beynəlxalq təşkiltalara təhvil vermək, təqdim etmək olar. Bunu bir şərt kimi irəli sürmək mümkündür. Bir məsələ artıq göz önündədir: Azərbaycanda seçkilərə verilən siyasi qiymətlə hüquqi qiymət üst-üstə düşmür! Ona görə də, qoy, beynəlxalq təşkilatlar və dövlətlər öz siyasi qiymətlərini verməyə tələsməsinlər, diqqətli olsunlar…