Böyük Britaniya da Tehranı müharibə ilə hədələdi
Iran ətrafında gərginlik davam edir. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, Iran uranın zənginləşdirilməsi məsələsində razılığa gəlməsə, Tehrana qarşı hərbi müdaxilə qaçılmaz olacaq: “Hərbi müdaxilə heç zaman istisna edilməyib. Irana qarşı bütün variantlar nəzərdən keçirilməlidir. Müharibə variantı da bunlardan biridir. London müharibə tərəfdarı deyil, ancaq Iranla danışıqların yenidən bərpa olunması üçün Tehrana qarşı sanksiyaları gücləndirmək niyyətindədir”.
Iran isə ənənəsinə sadiq qalaraq növbəti dəfə ABŞ, Böyük Britaniya və Israilə xəbərdarlıq edib. Iran ordusunun baş qərargah rəisinin müavini Məsud Cəzayiri bildirib ki, iranlı nüvə alimi Mustafa Əhmədi Rövşənə qarşı sui-qəsdi təşkil edənlərin və bu qətli həyata keçirənlərin arxasında dayananların cəzalandırılması yolları nəzərdən keçirilir. General, xüsusilə terror aktının arxasında dayandığını iddia etdiyi ABŞ, Böyük Britaniya və Israil üçün nəticələrin ağır olacağını söyləyib.
Iranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi də baş vermiş terror aktına görə ABŞ, Böyük Britaniya və Israili günahkar bilib. ETTELAAT şefi də bu ölkələrə və onlarla əməkdaşlıq edənlərə kəskin cavab veriləcəyini deyib: “Beynəlxalq ictimaiyyət bizim alimlərimizə qarşı həyata keçirilən bu kimi hərəkətlərə görə cavabdeh olmalıdır. Görəsən, onlar bu kimi hadisələrin sabah öz ölkələrində də baş verə biləcəyini təxmin edirlərmi?”. Bu arada, nüvə aliminin qətlində şübhəli bilinən bir neçə nəfər həbs olunub. Iran parlamentinin sədri Əli Laricani bildirib ki, təhqiqatçılar toplanan sübut və dəlilləri təhlil etməklə cinayətkarların izinə düşə biliblər. Spiker həbs olunan şəxslərin sayı, məşğuliyyəti, milli mənsubiyyəti və vətəndaşlığı haqqında məlumat verməyib.
Informasiya şöbəsi