Prezidentliyə müxalif namizədlərin hamısı baş naziri hədəf aldı, Berezovski Putini qanlı inqilaba getməməyə çağırdı
Rusiyada prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik də artıb. Martın 2-də keçiriləcək seçkilərdə namizədliyi qeydə alınmış liderlər öz platformalarını açıqlayıb. Son parlament seçkisinin rəsmi nəticələrinə görə ikinci yeri tutmuş Rusiya Kommunist Parityasınının lideri Gennadi Züqanov “Exo Moskvı” radiosuna verdiyi müsahibəsində hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirib. Züqanov baş nazir Putinin apardığı iqtisadi siyasəti pisləyərək, ölkədə baş almış cinayətlər, korrupsiya və bürokratik əngəllər ucbatından yerli iş adamlarının məhz xarici ölkələrə investisiya qoymaqda maraqlı olduğunu bildirib.
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski isə çıxışı zamanı, prezident seçiləcəyi təqdirdə, hazırkı parlamentin buraxılması və Dövlət Dumasına seçkinin təkrar keçirilməsi barədə qərar verəcəyini deyib. Ədalətli Rusiya Partiyasının lideri, Federasiya Şurasının keçmiş sədri Sergey Mironov prezident seçiləcəyi təqdirdə müvəqqəti (keçid) rəhbər postu tutacağını və ölkədə zəruri siyasi islahatları həyata keçirdikdən sonra vaxtından əvvəl istefa verəcəyini bildirib.
“Yabloko” partiyasının üzvü olan Qriqori Yavlinski də Rusiyanın baş nazirinə qarşı sərt bəyanatla çıxış edib. Keçirdiyi mətbuat konfransında Yavlinski Putinin son 1 ildə yürütdüyü siyasətin Rusiyanı təhlükəyə saldığını söyləyib. Yavlinski hökumət məmurları arasında riyakarların çox olduğunu bildirib və bunun hökumətin legitimliyinə böyük zərbə vurduğunu deyib.
Bundan başqa məşhur rusiyalı milyarder, hazırda Londonda mühacir həyatı yaşayan Boris Berezovski baş nazir Vladimir Putini prezidentliyə namizədlikdən əl çəkməyə və mart seçkilərini təxirə salmağa çağırıb. Berezovki baş Putinə yazdığı açıq məktubunda hələki mümkün olduğu qədər tez və dinc yolla hakimiyyətdən getməyi tövsiyyə edib. Biznesmen yanlız rus provaslav kilsəsinin ölkədə dinc şəkildə hakimiyyət dəyişikliyinə zəmanət verə biləcəyini yazıb.
“Exo Moskvı” radio stansiyasının bloqunda nəşr edilən və Putinə ünvanlanan yazıda Berezovski baş naziri qanlı inqilaba rəvac verməməyə, xalqla hakimiyyətin əlaqəsini kəsərək Rusiyanın çökməsinə icazə verməməyə səsləyib. Onun fikrincə, cəmiyyətin intellektual hissəsi iki əsas tezisi səsləndirir – “Putin getməlidir” və “Biz qanlı inqilab istəmirik”. Berezovski Putini namizədliyini geri götürməyə, prezident seçkilərini təxirə salmağa və Milli Qurtuluş komitəsi yaratmağa çağırıb. Milyarder baş naziri və onun əməkdaşlarını, rəqiblərini və “Rusiyanın maraqlarını müdafiə edən” hər kəsin bu komitəyə daxil olduğunu istəyir:“Birlikdə ədalətli seçkilər təşkil edin. Elə seçkilər hazırlayın ki, orada Limonovdan tutmuş Navalniyə, Nemtsova, Udaltsova, Jirinovskiyə, Züqanova, Xodorovskiyə və Lebedevə qədər bütün qüvvələr təmsil olunsun. Cəmiyyətin qəbul etdiyi seçim olsun”.
İnformasiya şöbəsi


