Nazirlik dövlət saytlarına hücumlarla bağlı rəsmi açıqlama yaydı
Amerikalı ekspert: «Bu, Israil və Səudiyyə Ərəbistanının haker qrupları arasında başlamış virtual müharibənin nəticəsi ola bilər»
Sülhəddin Əkbər: «Böyük dövlətlər bu təhlükəyə qarşı on illər əvvəl hazırlıq görüblər»
Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti yanvarın 16-da Azərbaycanın bir sıra saytlarına edilmiş haker hücumu ilə bağlı məlumat yayıb. Məlumata görə, haker müdaxiləsi nazirliyin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən saytlara olub. Məlumata haker müdaxiləsinin müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirildiyi deyilir, amma söhbətin hansı məkanlardan getdiyi açıqlanmır. Vurğulanır ki, lazımi əlavə mühafizə tədbirləri reallaşdırılıb, müdaxiləyə məruz qalan saytlarda ciddi fəsadlar yaranmayıb və hazırda həmin saytlar işlək vəziyyətdədir. Mətbuat xidməti qeyd edir ki, baş vermiş faktın ətraflı araşdırılması aparılır və bunun əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaq.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də haker müdaxilələrinə münasibət bildirib. Nazir müavini qeyd edib ki, hadisə baş verən ilk andan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəziyyəti nəzarətə götürüb, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb: “Müəyyən olunub ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilib. Müdaxilənin formaları, onlar barədə dərhal KIV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə internetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq”.
Xatırladaq ki, yanvarın 16-da prezidentin, Yeni Azərbaycan Partiyasının, Konstitusiya Məhkəməsinin, Rabitə və Informasiya Nazirliyinin, Təhsil Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının, Dövlət Gömrük Komitəsinin və bir çox dövlət qurumlarının rəsmi saytları dağıdılmışdı.
Amerikanın internet təhlükəsizliyi sahəsində mütəxəssisi Erik Conson Turan-a bildirib ki, yanvarın 16-da “AzerianCyberArmy” qrupunun Azərbaycanın dövlət saytlarına haker hücumu softların (proqram təminatı kompleksi) vaxtlı-vaxtında yenilənməməsinin nəticəsi olub. E.Conson deyib ki, softlar hər gün yenilənməlidir: “Təcrübə göstərir ki, ”Windows” proqramlarının çoxu müdafiə olunmayıb və yenilənmir ki, bu da softların hakerlər üçün açıq olmasına gətirib çıxarır”.
Ekspert, həmçinin bildirib ki, haker proqramlarının sayı xeyli artıb: “Əvvəllər bu hücum alətləri bir qrup məhdud sayda insanların əlində idisə, indi onların sayı az qala 10 dəfə artıb. Bu səbəbdən serverlərin və saytların təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirilməlidir. Təkcə dövlət resurslarına deyil, şəxsi saytlara da hücumlar artacaq. Azərbaycan prezidentinin 5 noyabr 2004-cü il tarixli dövlət saytlarının təhlükəsizliyinin səmərəli müdafiəsi məqsədilə qəbul etdiyi fərmana əsasən bu saytlar Dövlət Obyektlərinin Xüsusi Mühafizə Xidmətinin xüsusi serverində yerləşdirilmişdi. Lakin hücumlar serverin müdafiəsi sistemində ”boşluqlar” olduğunu göstərdi”.
E.Consonun fikrincə, hücumun arxasında Iran kimi böyük qüvvələrin durduğunu demək olmaz: “Bu, kiçik ehtimaldır, belə ki, Iran indi internetə daxili çıxışı məhdudlaşdırır və parlament seçkiləri ərəfəsində öz problemləri ilə məşğuldur.
Saytlara hücum Israil və Səudiyyə Ərəbistanının haker qrupları arasında başlamış virtual müharibənin nəticəsi ola bilər. Digər ərəb ölkələrinin hakerləri də bu müharibəyə cəlb olunub. Onlar isə Israillə yaxşı münasibətləri olan ölkələri hədəf seçə bilərdilər. Sonda ekspert təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağı və bunun üçün həm dövlətin, həm də özəl internet resursları sahiblərinin vəsait xərcləməkdən çəkinməməsini tövsiyə edib”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, böyük dövlətlər kiberhücumlara qarşı on illər əvvəl hazırlıq görüblər: “Hələ o zaman ekspertlər bildirirdi ki, gələcəkdə avtomatlaşdırma artdıqca, yeni texnologiyaların dövlət idarəetməsində rolu yüksəldikcə həssaslıq və kiberhücumlar artacaq. Artıq biz bunun şahidi oluruq. Zaman keçdikcə bu kiberhücumlar daha da artacaq. Bu, savaşın bir forması kimi də qiymətləndirilə bilər. Fikir verirsinizsə, Irana qarşı xarici xüsusi xidmət orqanlarının apardığı mübarizədə kiberhücumlardan geniş istifadə olunur”.