Hüznlü əyalət mənzərələri

Rayonun mərkəzi. IH binasının qarşısı. Üzbəüzdə başqa dövlət idarələrinin də yerləşdiyi bina var. Bu iki sovetdənqalma binanın yanında eyni çağlardan qalma park var. Parkda bir neçə çayxana, kafe. Rayona işlərini aşırmaq üçün gələnlər, toy tutmaq üçün toplaşan musiqiçilər, vergiyığanlar bu çayxanalarda oturur, səhərdən axşamacan çaydan dəmlənir, gözlərilə gəlib-gedəni darayır, vurnuxurlar.

Iki binanın qarşısındakı həyətdə adamlar iki-iki, üç-üç, tək-tək dayanıblar. Üzləri tüklü, gödəkçələri dəri, ayaqqabıları palçıqlı, şalvarları ütüsüz, simaları fərəhsiz, gözlərinin altı tünd çəhrayıya çalan tuluqlu, saçları daranmamış, buruq-buruq, əlçim-əlçim çallaşmış, damaqlarında mütləq siqaret tüstülənən bu adamlar bir-birilə nəsə danışır, tutqun baxışlarını IH-yə sarı zilləyirlər. Yanlarından ötüb keçirsən. Hökmən çevrilib baxırlar. Tanış gəlmirsən. Sən kimsənsə ömrü bu həyətdə keçənlərdən deyilsən. Bəs onda sən kimsən? Eh, nə isə. Ama onlar sənin kim olduğunu mütləq bilmək istərdilər. Çünki bu adamlar bütün ömürləri boyu kimisə gözləyirlər. Qeybdən peyda olacaq, hansısa dəhşətli sözləri deyib, onları harasa aparacaq, yürüşə səsləyəcək və bütün problemlərə son qoyacaq birini. Eynən Məsihi gözləyən yəhudilər kimi…
Hər dəfə bu həyətdə, eynən Israilin baş məbədinin həyətindəki kimi, tanış olmayan bir üz görəndə onlar öz gözlədikləri Xilaskarı xatırlayırlar. Xilaskar isə gəlib çıxmır ki, çıxmır. Onlar O-nu gözləyirlər, ama zühur eləyəcək Xilaskarı həmin andaca bütün varlıqlarıyla masğaraya qoymağa, incitməyə, satmağa, başına tikanlı məftildən çələng qoymağa hazırdırlar… Onlara Xilaskar hava və su kimi lazımdı, çünki şirin canlarından bezar olublar, bıçaq sümüyə dirənib, ancaq onlar dərhal O-nun ətəyindən öpüb ardınca sıralanmağa, qeysərin qəsrini dağıtmağa hazır deyillər. Zira bu an əllərində vacib işləri var. Kənddən, rayonun ayrı-ayrı yönlərindən buraya iş dalıyca gəliblər. Evə bu işi həll eləyib getməlidirlər.
Həmin an olmaz! Çünki onlar burada dayanıb söhbət eləyirlər, bazarlaşırlar, razılaşırlar, kimi aşırmaq istədiyi işin rüşvətini danışır, kimi danışıb behini verir, kimi yenicə bir dəllal tapıb, onunla məsələni çürütməyincə xilas olmağa vaxtı yoxdu; biri sosial yardım üçün yarım illik alacağını verib sənədinə möhür vurduracaq bir azdan, biri örüş alıb, sənədləşdirməlidi, biri dükan yerinin xəritəsini çəkdirib, qalır aktı təsdiqlətmək, biri toy tutub, saat beşdə şadlıq evində olmalıdı və s… biri, biri, biri…
Indi hamı IH binasının qarşısında Xilaskarı görən kimi üzünə tüpürməlidi ki, pəncərələrdən boylanan məmurlar bunu görsün… sonra Xilaskarın çarmıxa çəkilmiş, qara yellərin qaxac elədiyi müqəvvasının yarası qaysaq bağlamış ayaqlarını, ayaqlarına vurulmuş paslı qadaqları öpüb əfv diləməyə hazırdırlar. Təki, sonra, sonra… işlərini aşırandan sonra… Xilaskar onsuz da bağışlayandı. Bağışlayacaq…
Onlar danışırlar. Ağızları tərpənir. Ancaq addımlarını nə qədər yavaşıtsan, ağızlarının içinə girsən də onların səsini eşidə bilməyəcəksən. Onların səsi yoxdu. Onların sən duyası səsi yoxdu. Onların səsi çoxdan alınıb. Onların səsini çoxdan oğurlayıblar. Bir azdan rüşvət verməyə hazırlaşdıqları hakimiyyət oğurlayıb. Indi onlar rahatdı. Balıq kimi. Onlar bir-birini dodaqlarının tərpənişindən anlayırlar. Biz anlamarıq. …Əskilərdə qonşum olmuş biri məni tanıyıb yaxınlaşır və salamdan bir başa siyasətə keçir: “Əl-ələ verib ölkəni turist kimi gəzməkdən başqa bir şey bilmirlər. Allah bunların ömrünü kəssin…” (Allah səni rəhmət eləsin, Vüqar Padar)-, ilk dəfə qırmızılığım tutur və qızıl-qırmızı deyirəm: “O vaxt ömründən kəsib onların hesabına yatıranda bilmirdin bəs belə olacaq?”.
Adam pörtür, pərtləşir, nəsə demək istəyir, alınmır, kəkələyir, elə bil xırıldayır. Onun xırıltısının dəvasını heç sovetdənqalma qoca təbib, tozdan bom-boz olmuş həmişəyaşıl iynəyarpaqlı küknar ağacları belə, bilmir. Illərdi başını bulayıb, iç çəkməkdən bu ağacların ciyərləri vərəm gətirib. Aralanıb aptekə doğru düzəlirəm…