AXCP və Müsavatın birləşməsi yenidən gündəmdə

 Fuad Qəhrəmanlı: «Müsavat Partiyasında AXCP ilə birləşmə məsələsini qurultayda qaldırmağa hazır olan xeyli şəxs var»

Gülağa Aslanlı: «Əgər bu məsələ, ehtiyac olarsa, qurultaya çıxarıla bilər. Amma ehtiyac olarsa…»

“Müsavat Partiyası ilə birləşmək qərarı AXCP-nin qurultayı tərəfindən qəbul olunduğuna görə qüvvədə qalır. Qurultay partiyada ən səlahiyyətli orqan sayıldığından bu qərar yalnız qurultay tərəfindən ləğv oluna bilər. AXCP qurultayının birləşmə qərarı o zamana qədər qüvvədə qalacaq ki, Müsavat Partiyasının qurultayında bu məsələyə münasibət bildirilsin. Bu günə qədər Müsavat Partiyasının ayrı-ayrı funksionerləri tərəfindən məsələyə mətbuat vasitəsilə münasibət açıqlanıb. Amma ortada Müsavat qurultayının münasibəti yoxdur”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.
F.Qəhrəmanlı AXCP-nin Müsavat Partiyası ilə birləşmək məsələsində ümidli olduğunu söyləyib:”Müsavat Partiyası qurultaya hazırlaşır. Biz ümid edirik ki, AXCP qurultayının hər hansı ilkin şərt irəli sürmədən Müsavat Partiyasına birləşməklə bağlı qərarına bu partiyanın qurultayında münasibət bildiriləcək. Təbii, bizim arzumuz, istəyimiz odur ki, AXCP qurultayının qərarına Müsavat Partiyasının qurultayı tərəfindən müsbət münasibət bildirilsin. Bu, artıq Müsavat Partiyasının qurultayında iştirak edəcək insanların iradəsindən asılı olan məsələdir. Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərlə təmasımızdan gəldiyimiz qənaət budur ki, bu partiyada birləşmə məsələsini qurultayda qaldırmağa hazır olan xeyli şəxs var. Həmin müsavatçılarda istək var ki, qurultayda birləşmə məsələsi gündəmə gəlsin və müsbət münasibət ifadə olunsun. Yəni, AXCP-nin qurultayında qəbul olunmuş qərara adekvat qərar qəbul edilsin. Ancaq fərqli münasibətdə olanlar da var. Ona görə də məsələni zamanın öhdəsinə buraxmağa, yəni Müsavat Partiyasının qurultayını gözləməyə ehtiyac var. Hər halda biz istərdik ki, Müsavat Partiyası qərarımıza müsbət rəy bildirsin”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə hazırda bu barədə danışa bilməyəcəyini söyləyib:”Indiki halda heç nə deyə bilmərəm. Çünki Müsavat Partiyasının Məclisi bu məsələyə münasibət bildirib. Bununla bağlı yeni situasiyanın yarandığını hiss etmirəm. Ona görə də dediyiniz məsələ ilə bağlı qurultayda nəsə olacağını görmürəm.
Əgər bu məsələ, ehtiyac olarsa, qurultaya çıxarıla bilər. Amma ehtiyac olarsa…”.