40 illik beton yolu da hakerlərmi dağıdıb?!
Kosmosa peyk buraxanda saytlarının çökməsi
16 yanvar 2012-ci ildə baş verənlər Azərbaycan tarixində Əliyevlər hakimiyyətinə bir parodiya kimi qalacaq. Ilham Əliyev müşavirə keçirib Azərbaycan ordusunun Qafqazda ən güclü ordu olmasından, hər cür inkişafdan, IKT uğurlarından və kosmosa peyk buraxmağımızdan, ərzaq təhlükəsizliyindən danışırdı, o biri tərəfdə isə dövlət qurumlarının saytları haker hücumları ilə bir-bir dağıdılırdı.
Əvvəla, bu hökumət özü illərdir hakerliklə məşğuldur. “Azadlıq” qəzetinin, AzadlıqRadiosunun saytlarına hücumlar indi də səngimək bilmir. Lakin əvvəldən də bilirdik ki, bizim başımızda hakerlik edənlər, özgənin əlində aciz bir qüvvədir. Ümumiyyətlə, özü sayt dağıdan, sayt qapadan bu hakimiyyətin başına belə bir işin gəlməsi bir ayrı söhbətdir, sadəcə növbəti dəfə bəlli oldu ki, bu rejim ən adi bacarıqlara da sahib deyil. Öz vətəndaşlarına ustalıqla zülm və pislik etməkdən başqa…
Əziz oxucular, bacarıqsızlıq təkcə rəsmi saytların dağıdılmasına imkan verməkdə deyil. Tutaq ki, saytların dağıdılması dünyada çox yayılıb. Bəs o saytların məzmununa nə deyəsən? Dağıdılan saytların hamısı mənasız və faydasız idi. Hamısı şəxsiyyətə pərəstişlə başlayıb, inkişaf və sabitlik haqda yalanlarla qurtarır. Çünki danışılacaq real bir iş yoxdur. Real idarəçilik, gerçək məlumatlar, şəffaflıq o saytlardan uzaqdır.
Prezidentin rəsmi saytı dağıdılır. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin saytı ələ keçir. Daxili Işlər Nazirliyinin saytı sıradan çıxır. Yaxşı, qəbul edək ki, saytları bütün dünyada çətinliklə qoruyurlar, bəs adi corabı niyə istehsal edə bilmirik? Yol qəzalarını niyə azalda bilmirik?
3 il əvvəl açılmış 40 illik beton yol niyə dağılıb? Onu da hakerlərmi dağıdıb?
3 il əvvəl- ADNA-ya hücum olanda sual vermişdik: qatil Fərda tapançanı Azərbaycana necə keçirmişdi? Bütün sirlər burada gizlənib. Oğru və rüşvətxor sistemin gözünü pul örtüb və hələ də anlamırlar ki, biz məhz bu səbəbdən heç bir təminatı olmayan ölkədə yaşayırıq. Pul ver, istənilən qapını aç. Pul ver, istənilən qanunu poz. Pul ver, hər cür pis əmələ imkan qazan.
Mən əminəm ki, dağılan saytların hazırlanması üçün ayrılan pulların da bir qismi kimlərinsə cibinə gedib. Söhbət elə böyük puldan getmir. Amma böyüklər böyük pay dalınca gedəndə, kiçiklər də öz kiçik qazancının arxasınca düşür. Beləliklə də maraqlar, hər yerdə bir deşik açır. Haradasa yol dağılır, bir yerdə körpü uçur, başqa bir yerdə saytın deşiyini tez tapırlar.
Biz talanırıq. Biz uçuruma gedirik. Tərifli xarici və daxili siyasətimiz hər yandan çat verib, bizə acılar və acı həqiqətlər göstərir. Ilham Əliyev isə müşavirə keçirib inkişafdan, rifahdan danışır. Yenə də pulumuzun çox olmasını söyləyir. Haradadır o inkişaf – saytların çilik-çilik olmasındamı? Taksi sürücülərinin ahındamı? Ümumiyyətlə, ədalətsiz inkişafmı olur?
Bir-birinin ardınca xarici ölkəyə işləmək adı ilə adamları tutursunuz. Yaxşı-yaxşı fikirləşin, ölkənin vətəndaşı özgə dövlətin marağı ilə sənə hücum edirsə, görün insanları haralara gətirdiniz? Görün nələr etdiniz?
Ölkəni buraya gətirən bir hakimiyyətin nəinki saytları, özü də çökməyə məhkumdur. Görünən nəticə budur.