Ziya Məmmədovun “yaş senzi” əməliyyatı

Nazirin “pensioner” qohumu yaşa görə ixtisar komissiyasına rəhbərlik edir

Onun xanımının dayısı Şaiq Bilalov özü ixtisara düşdüyü halda, başqalarını 65 yaşa görə işdən çıxarır

Yaş senzi ilə əlaqədar dövlət qurumlarında ixtisarlar davam edir. Əldə etdiyimiz məlumata görə, bu günlərdə Nəqliyyat Nazirliyində də bu sahədə çalışan və 65 yaşı çatmış işçilərin ixtisar edilməsi ilə bağlı komissiya yaradılıb. Komissiyanın sədri Şaiq Bilalovdur.
Nəqliyyat strukturlarında çalışan və adının çəkilməsini istəməyən işçilərdən birinin verdiyi məlumata görə, Şaiq Bilalov nazir Ziya Məmmədovun xanımının dayısıdır. Maraqlıdır ki, Şaiq Bilalovun özünün 70-ə yaxın yaşı var. Onun özü işdən çıxarılmaqdansa, başqalarının işləyib-işləməyəcəyi haqqında qərar verir.
Nəqliyyat işçisi deyir ki, ixtisarlar Ziya Məmmədovun maraqlarına uyğun aparılır: “Kimə fəxri adlar verilibsə, kimin Ziya Məmmədova əli çatırsa işində saxlanılır. Amma kim arxasızdırsa onu işdən çıxarırlar. Təsəvvür edin, ”Azəryolservis”in rəhbəri Cavid Qurbanovun müavinlərinin yaşı 65-i keçib. Amma onlara bir söz deyən yoxdur. Bu cür faktların sayı hesabı yoxdur. Ziya Məmmədov yaş senzindən sadəcə öz maraqları üçün istifadə edir. Gözdən pərdə asmaq üçün öz adamlarını çıxaranda da nəzarətlərində olan şirkətlərdə onlara iş verirlər. Beləliklə yenə də öz adamları işsiz qalmır”.

Azad