Hakimiyyətə qarşı virtual müharibə

Hökumət saytlarına «inqilabi» hücum oldu

Mehman Əliyev: “Başları qarışıb müxalifətçi tutmağa, milli təhlükə yaddan çıxıb”

Yanvarın 16-da Azərbaycanın dövlət orqanlarının, hakim siyasi partiyasının və bəzi KIV-nin saytlarına kütləvi kiberhücum olub. Dağıdılan veb-səhifələr sırasında Azərbaycan prezidentinin (www.president.az), Yeni Azərbaycan Partiyasının, Daxili Işlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Təhsil Nazirliyinin, Konstitusiya Məhkəməsinin, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin,  Xüsusi Dövlət Mühafizə Xidmətinin, həmçinin rəsmi dövlət agentliyi olan AzərTac-ın da saytı var. Customs.gov.az/az/ dmx.gov.az, www.calal-aliyev.az/view.php, dri.az/view.php, yap. org.az, www.constcourt.gov.az, data.rabita.az, content.rabita.az, www.e-hokumet.rabita.az, www.itu-pp-10.az, www.kur.az, www.rabitadunyasi.info.az, telebe.rabita.az, ict.edu.gov.az, azermarka.az, emis.edu.gov.az, plztourism.com, global-ict.mincom.gov.az, vet. edu.gov.az, cssn.gov.az dağıdılan saytlar arasındadır.

Dağıdılmış saytlara nələr yerləşdirilib?

Azərbaycan prezidentinin saytına yerləşdirilmiş hücum materialı

Kibercinayətkarlar özlərini “islamçı veb mühəndislər” kimi təqdim edirlər. Lent.az-a daxil olan məktubda kiberhücumun davam edəcəyi barədə xəbərdarlıq yer alıb. Həmin xəbərdarlıq məktubunda deyilir: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə. On ildən artıqdır ki, ABŞ, Qərb və Israilin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar Islam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup Islamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.

YAP-ın saytına yerləşdirilmiş hücum materialı

Hakerlər YAP-ın rəsmi saytının ana səhifəsində əsas yazıların yerinə belə bir lövhə yerləşdiriblər: “Xalqın var-dövlətini qəsb etmiş Əliyevlər və onların muzdurları qalxan dünya okeanında Bakı adlı daş parçası üzərində xilas olmağa ümid edir. Bin Əli, Mübarək, Qəddafinin ümidi kimi puç bir ümid! Yəhudi nökərləri!”. Mətnin yuxarısında göstərilir ki, hücumu “AzerianCyberArmy” təşkil edib.
Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin dağıdılmış səhifəsinə Islam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovdan sitat yerləşdirilib. Təhsil Nazirliyinin saytına isə Islam Partiyasının həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirləri yer alıb.
Daxili Işlər Nazirliyinin internet saytının haker hücumuna məruz qalmasının səbəbi nazirliyin əməkdaşları tərəfindən araşdırılır. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov belə deyib. O əlavə edib ki, haker hücumunun hansı mənbədən edildiyini söyləmək hələ ki, mümkün deyil: “Mütəxəssislər indi internet saytın bərpa olunması ilə məşğuldurlar. Güman edirəm ki, yaxın zamanda saytın fəaliyyəti yenidən bərpa olunacaq”.

Mübariz Qurbanlı:  “Hər halda kimlərsə möhkəm qıcıqlanıb”

YAP icra katibinin müavini Mübariz Qurbanlı partiyanın internet saytının kim tərəfindən dağıdılması ilə bağlı  araşdırmaların aparıldığını bildirib: “Haker hücumunun haradan edilməsi ilə bağlı mütəxəssislərimiz araşdırmalar aparır. Buna görə saytımız müvəqqəti olaraq fəaliyyətini dayandırıb”. M.Qurbanlı bildirib ki, hər halda kimlərisə möhkəm qıcıqlandırıblar və onlar da bu vasitəyə əl atıblar. Lakin o, bunu məqbul yol saymadığını deyib.
“Azərbaycanın bir sıra rəsmi qurumlarının saytlarına və bəzi internet resurslarına qarşı total haker hücumları ilə bağlı müvafiq dövlət qurumları araşdırmalara başlayıb”. Bunu, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti rəhbəri Müşfiq Əmirov bildirib. Onun sözlərinə görə, hazırda Nazirliyin ekspertləri müvafiq qurumlarla birlikdə bu hücumların haradan qaynaqlanması və onların qarşısının alınması üzərində işləyirlər: “Bu hücumların haradan və kimlər tərəfindən edilməsi ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.
Nazirlikdən onu da bildiriblər ki, idarənin mütəxəssisləri haker hücumlarının səbəblərini və haradan gəldiyini araşdırır. Dövlət qurumlarının saytlarının gücləndirilməsi üzrə tədbirlər görülür, ictimaiyyətə isə araşdırmanın nəticələri haqqında məlumat veriləcək.

Mehman Əliyev: “Başları qarışıb müxalifətçi tutmağa, milli təhlükə yaddan çıxıb”

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, belə bir hücumun olması gözlənilən idi: “2011-ci ilin oktyabrında müstəqil KIV-lərin saytlarına haker hücumlarının artması ilə əlaqədar Redaktorlar Birliyinin xüsusi iclası keçirilmişdi. Redaktorlar media-saytların xarici müdaxilədən və haker hücumlarından müdafiəsi mexanizmlərinin yaradılması çağırışı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub göndərdilər.
Redaktorlar MTN-in rəsmi saytında təhlükə zamanı elektron müraciət üçün şərait yaratmağı, müraciət qaydaları, internet resursların təhlükəsizliyi üzrə tövsiyələr hazırlamağı təklif etmişdilər. Lakin bu müraciətə heç bir reaksiya və ya narahatçılıq bildirilmədi. Bu göstərdi ki, hökumət bu məsələyə ciddi yanaşmır. Belə laqeyd yanaşmanın nəticəsi bu olmalı idi. Baş verənlər Dövlət Mühafizə Xidmətində müdafiə sisteminin güclü olmadığını göstərdi. Bunlar hamısı dövlət orqanlarının milli təhlükələri yaxşı görmədiyini sübut etdi.
Başları qarışıb redaktoru, müxalifətçini tutmağa, bu məsələ yaddan çıxıb”.

Osman Gündüz: “Bu, virtual müharibə elanıdır”

“Azərbaycanın Internet resurslarına belə yaxşı planlaşdırılmış və kütləvi hücum heç vaxt olmayıb. Bu aksiyanın miqyası və nəticələri Azərbaycana qarşı internetdə əsl virtual müharibə başladığından xəbər verir”. Bunu, “Turan”a açıqlamasında Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz deyib: “Indiyədək hər-hansı hücumlar ayrı-ayrı saytlara və daha çox qeyri-hökumət qurumlarının saytlarına olurdu. Lakin indi dövlət orqanları, o cümlədən güc qurumları zərbə altında qalıb. Hakimiyyət vəziyyətin ciddiliyini nəzərə alaraq, bu məsələ ilə bağlı rəsmi bəyanat verməlidir. Ilk növbədə ”günahkar kimdir və niyə” sualına cavab verilməlidir. Dövlət veb-saytlarının serverləri, hostinqləri və proqramları hakerlərə qarşı durmaq iqtidarında olmadı. Bu, hakimiyyətin ölkədə internetin inkişafındakı uğurlar haqqında bəyanatlarının nə dərəcədə ciddi olduğunun göstəricisidir”.
Haker hücumunun haradan gəldiyi barədə suala cavabında O.Gündüz bildirib ki, mənbələrin təhlili hücumun Iran tərəfindən gələ biləcəyini göstərib: “Lakin yekun cavab vermək hələ tezdir. Hücuma məruz qalmış bir sıra rəsmi dövlət qrumlarının saytının hostinqi Xüsusiÿ Dövlət Mühafizə Xidmətinin serverində yerləşdirilib.
Hakerlər həmin serverə hücum ediblər və buna görə də orada yerləşdirilən saytların işi pozulub”.