Polisin inadkarlığına baxmayaraq müşavirə baş tutdu: müşavirədən sonra hədə-qorxi işə salınıb
Şənbə günü AXCP-nın Sabirabad rayonunda regional müşavirə keçirməsi hakimiyyətin basqıları ilə müşahidə olunub. 5 ətraf rayonun iştirakı ilə AXCP Sabirabad rayon şöbəsinin qərargahına təyin olunan tədbirin baş tutmaması üçün yerli icra hakimiyyəti təzyiqə əl atıb.
Müşavirənin keçirilməsinə yer ayırmaq üçün Sabirabad rayon icra hakimiyyətinə müraciə olunub. İcra hakimiyyəti əvvəlcə müraciətə müsbət cavab veriləcəyini vəd etsə də, tədbirin vaxtına 1 gün qalmış “gedin öz qərargahınızda edin” deyib. Daha sonra isə şərti lap ağırlaşdırıblar: “Başqa rayondan gələnləri bura yığa bilməzsiniz. Tədbiri öz rayonumuzdan olanlarla keçirməlisiniz”.
AXCP Sabirabad şöbəsi İcra Hakimiyyətinin qanundankənar bu absurd göstərişinə əməl etməmək qərarı verəndə işə polis qarışıb. Polis “İcra Hakimiyyəti icazə verməsə tədbir keçirilməyəcək” deyərək yerli qərargah önündə post qurub. Tədbir başlamazdan öncə isə AXCP Sabirabad şöbəsinin iki funksioneri – Tofiq Zeynallı və Əliquli İsmayılov saxlanaraq polis idarəsinə aparılıb. Lakin təzyiqlər səmərə verməyib – sosial şəbəkələrdə həbslər barədə xəbər yayılan kimi polis geri çəkilməli olub və hər iki şəxs sərbəst buraxılıb.
***

Müşavirədə AXCP-nin Sabirabad, Şirvan, Hacıqabul, Saatlı şöbələri, partiya rəhbərliyindən isə AXCP sədrinin müavni Fuad Qəhrəmanlı, Rəyasət Heyətinin üzvləri Mənsum Bayramov və Natiq Ədilov iştitak ediblər. Müşavirədə yerlərdəki təşkilatlanma, təbliğat məsələləri müzakirə edilib, rayon şöbələrinin hesabatları dinlənilib.
***
Müşavirədən sonra verilən məlumata görə, polis tədbirə qatılan kiçik bizneslə məşğul olan AXCP Sabirabad şöbəsinin fəalı Rövşən Sadıqlıya da təzyiq göstərib. Polislər onun qardaşının işlədiyi dükana gedərək Rövşənin “hələ də ağıllanmadığını”, “özünü yığışdırmayacağı” təqdirdə 2009-cu ildəki hadisəni təkrar ona yaşadacaqlarını deyiblər.
Xatırladaq ki, 2009-cu ilin mart referendumu ərəfəsində polis R. Sadıqlının cibinə narkotik ataraq onun 3 ay həbsdə saxlanmasına nail olmuşdu.
Natiq


