Vaqif Axundov təqaüdə göndərilə bilər

Artıq generalın karyerasına son qoyulması barədə müzakirələr başlayıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri general-polkovnik Vaqif Axundov təqaüdə göndərilə bilər. “Azadlıq”a daxil olan məlumatlarda iddia olunur ki, artıq “yuxarılar”da bu barədə müzakirələr başlayıb. Məlumatlara görə, Vaqif Axundovun təqaüdə göndərilməsi məsələsinin gündəmə gətirilməsi XDMX-nin keçmiş əməkdaşlarının qurumda baş verən neqativ hallarla bağlı sensasion açıqlamaları ilə bağlıdır.
“Yuxarılar”da düşünürlər ki, bu açıqlamalardan sonra Vaqif Axundovun vəzifəsində saxlanılması məqsədəuyğun deyil. Təbii ki, bu məsələnin gündəmə gətirilməsində Vaqif Axundovun rəqiblərinin də payı var. Bu məsələdə xüsusilə MTN şefi Eldar Mahmudovun adı hallandırılır. Çünki Eldar Mahmudov çoxdandır ki, XDMX-nin MTN-ə birləşdirilməsinə çalışır. Bu səbəbdən də Vaqif Axundovla münasibətləri o qədər də ürəkaçan deyil. Oxucular xatırlayırsa, XDMX-nin sabiq əməkdaşları Asif Lətifovla Seymur Əlicanov da açıqlamalarında bildirmişdilər ki, Vaqif Axundov onları Eldar Mahmudova “işləməkdə” suçlayıb.
Məlumatlara görə, yanvarın 16-da XDMX-də yekun iclas keçiriləcək. Qurumda hər il iki dəfə belə iclas keçirilir və görülən işlər  müzakirə olunur. Ehtimal olunur ki, bu iclasdan sonra Vaqif Axundovun təqaüdə göndərilməsi reallaşsın.

Informasiya şöbəsi