Orxan Kərimovun açıqlamalarından sonra qurumun rəhbərliyi qorxuya düşüb
Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin hazırda həbsdə olan sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun açıqlamaları Təhsil Nazirliyində şok effekti yaradıb. “Azadlıq”a daxil olan məlumatlara görə, nazirlikdə rəhbər şəxslər Orxan Kərimovun daha ciddi faktların üstünü açacağını və yeni həbs dalğasının başlayacağını düşünürlər.
Məlumatda deyilir ki, əsas ehtiyat edən şəxslərdən biri nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevdir. Şöbə müdiri həbsdə olan müavininin növbəti mərhələdə onun adını açıqlayacağını və başqa qaranlıq məqamlara aydınlıq gətirəcəyindən narahatlıq keçirir. Yeri gəlmişkən, Şahrza Əliyev Təhsil Nazirliyindəki tikinti maxinasiyasına görə bir dəfə istintaqa çağırılıb. Məlumatda deyilir ki, şöbə müdiri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovla tender əməliyyatlarını birgə həyata keçirib.
Bu arada Misir Mərdanova yaxın daha bir şəxs barədə əlavə məlumatlar almışıq. Bu, 18 saylı Bakı peşə litseyinin direktoru Rəhim Ağamalıyevdir. Onun barəsində ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, Rəhim Ağamalıyev Təhsil Nazirliyinin strateji təhlil və kadrların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxt o, Dünya Bankının müəllimlərin təkmilləşdirilməsi üçün ayırdığı 300 min manat vəsaiti qaranlıq məqsədlərə xərcləyib. Məsələnin üstü açılanda təhsil naziri Misir Mərdanov Rəhim Ağamalıyevin həbs olunmaması üçün onu aradan çıxarıb. Sonradan o, 18 saylı peşə litseyinin direktoru vəzifəsinə təyin edilib.
Dünən litseyin bir qrup müəllimi adından redaksiyamıza məktub daxil olub. Müəllimlər adlarını açıqlamayıblar. Məktubda Rəhim Ağamalıyev barəsində maraqlı faktlar var. Məsələn, bildirilir ki, direktor qanunsuz olaraq 4 ixtisas üzrə ödənişli qrup açıb. Ödəniş haqqı 385 manat olduğu halda, baş usta Şakir Yaqubovun əlilə 1000 manat pul yığaraq “daxili test” keçirib. Müəllimlər deyir ki, litseydə 100-ə yaxın tələbənin adı var, lakin özləri yoxdur.
Iddialara görə Rəhim Ağamalıyev maliyyə maxinasiyalarını Şahrza Əliyevin vasitəsilə həyata keçirir.
Azad