Metropoliten rəisi plastik kart buraxmaq üçün tender elan etdi
Bakı Metropoliteni sərnişin avtomatikası sistemi üçün yeni plastik kartların satınalınmasına dair açıq tender elan edib.
Tender Komissiyasından APA-ya verilən məlumata görə, Bakı Metropoliteni sərnişin avtomatikası üçün “Mi Fare” tipli “Mifare Plus”: 32 sektorlu, 4 bloklu, 2048, EEPROM inteqral mikrosxem əsaslı plastik kartların satınalınması üzrə açıq tender keçirir.
Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. Iddiaçılar sənədlərini fevralın 20-dək, tender təkliflərini isə fevralın 24-dək təqdim etməlidir. Təkliflər zərflərinin açılma proseduru fevralın 27-də keçiriləcək.
Bir müddət əvvəl Nəqliyyat Nazirliyi metro da daxil olmaqla nəqliyyatın bütün növləri üzrə vahid kart sisteminin tətbiq olunacağını bəyan etmişdi. Bu açıqlamadan sonra Tağı Əhmədov bildirmişdi ki, metroda vahid kart sistemi tətbiq olunmayacaq. Lakin çox keçmədən Nəqliyyat Nazirliyindən metropoliten rəisinə cavab gəldi. Qurumun mətbuat xidmətinin katibi Namiq Həsənov vahid kart sisteminin metroda da tətbiq olunacağını bildirdi.
Bundan sonra Tağı Əhmədovun plastik kartlar üçün tender elan etməsi nəqliyyat naziri Ziya Məmmədova meydan oxuması kimi dəyərləndirilə bilər. Əslində metropoliten rəisinin bu məsələdə bu cür mövqe tutmasının səbəbi Ziya Məmmədovun Bakı Metropolitenini ələ keçirmək planları ilə bağlıdır.
Bu barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. Bildirmişdik ki, Ziya Məmmədov hakimiyyətin başında duranların diqqətinə çatdırıb ki, Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinin tərkibinə daxil edilməsi daha məqsədəuyğundur. O, bu fikrini nəqliyyatda vahid kart sisteminin tətbiqilə əsaslandırıb. Ziya Məmmədov deyib ki, vahid kart sisteminə keçiləcəyi təqdirdə Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinə tabe etdirilməsi zərurəti yaranacaq.
Bundan sonra Tağı Əhmədovla Ziya Məmmədov arasında ziddiyyətlər baş qaldırıb. Metropoliten rəisi yaxşı başa düşür ki, vahid kart sisteminə keçid metronun maliyyəsinə nəzarəti itirmək demək olacaq.
Informasiya şöbəsi