“Siyavuş Novruzov özünü ifşa etdi”

“Avropa Məhkəməsinin çıxardığı qərar Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Sərdar Cəlaloğlu və Arif Hacılının 2005-ci ildə deputat seçilməsi demək deyil”. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum”a açıqlamasında belə deyib. S.Novruzov bildirib ki, bu qərarlar xırda səhvlər, yaddan çıxan detallarla bağlıdır:
“Seçki bir prosesdir. Prosesdə, yekun qərarın hansısa hissəsində anlaşılmazlıq olubsa, Avropa Məhkəməsi bununla bağlı qərar çıxarıb. Avropa Məhkəməsinin qərarı prosedurada olan xırda səhvlər, yaddan çıxan detallarla bağlıdır. Bunlar formal məsələlərdir. Burada mahiyyətə, motivə aid məsələ yoxdur. Azərbaycanda 5 min seçki məntəqəsi var, burada 30 mindən artıq insan çalışır. Ola bilər ki, kimlərsə seçkinin nəticələrini göstərən protokolu ləkələyir, nəyisə yazıb sonra pozur, düzəltmək istəyir. Bunlar ştatlı işçilər deyillər və mütəmadi bu işlə məşğul olmurlar. Ola bilər ki, kimsə işinin öhdəsindən tam gəlməsin. Amma bunlar seçkinin nəticələrinə təsir edən amillər deyil”.

“Onun dediyindən belə çıxır ki, hökumət qanunsuzluq edib”

ADP sədri Sərdar Cəlaloğlu bu açıqlaması ilə S.Novruzovun özünü və hökuməti ifşa etdiyini deyir: “Görünür, Siyavuş Novruzov unudub ki, mənim dairəmdə seçkiləri saxtalaşdırdığına görə dairə komissiyasının sədri, üzvləri həbs olunub. Qalib seçilən şəxsin nəticələri ləğv edilib. Siyavuş kimi, ömründə bir dəfə də, xalqın səsi ilə seçilməyən bir adam əlbəttə ki, öz gücünə səs toplamağın nə olduğunu təsəvvür belə etməz. Ona görə də, belə açıqlama verir. Onun dediyindən belə çıxır ki, hökumət qanunsuzluq edib seçki komissiyasının sədrini həbsə atıb. Siyavuş Novruzov o qədər absurd şərh verib ki, bununla ancaq özünü və hökuməti ifşa edib”.

“Xırda-para pozuntular”dan söhbət getsəydi, qürurlu hakimiyyətimiz heç vaxt bu addımı atmazdı”

YAP rəsmisinin bu açıqlamasına Ə.Kərimlinin, Q.Əlibəylinin və A.Hacılının bu işlər üzrə hüquqlarını Avropa Məhkəməsində təmsil edən hüquqşünas Intiqam Əliyevin də münasibətini öyrəndik. I.Əliyev bildirdi ki, S.Novruzov ya Avropa Məhkəməsinin qərarlarını, o cümlədən son qərarlarını diqqətlə oxumayıb, ya düzgün başa düşməyib, ya da həqiqətləri etiraf etmək istəmir: “Seçki qərarlarının əsasında əhəmiyyətsiz prosedur pozuntuları dayandığını iddia edənlərə Azərbaycan hökumətinin 2010-cu ilin sonunda Avropa Məhkəməsinə ünvanladığı rəsmi bəyanat ən tutarlı cavabdır. Hökumət həmin bəyanatda Isa Qəmbərin, Mirmahmud Fəttayevin, Fuad Mustafayevin, Yaqub Məmmədovun və başqalarının şikayətlərində göstərilən pozuntuları tanıdığını etiraf edirdi. Həmin şikayətlərdə isə ”karusel”dən tutmuş, hakimiyyət nümayəndələrinin seçki prosesinə qanunsuz müdaxiləsinə qədər, seçki subyektlərinə fiziki və psixi təzyiqdən tutmuş, səslərin hesablanmasında saxtakarlıqlara qədər kobud pozuntulardan söhbət gedirdi. Dövlət uzun müddət həmin dairələrdə heç bir pozuntuya yol verilmədiyini, seçkilərin ədalətli keçirildiyini və şikayətlərdə yazılanların yalan olduğunu iddia edirdi. Lakin 2010-un parlament seçkilərinə bir neçə ay qalmış bir daha anlayanda ki, Avropa Məhkəməsi Azərbaycanın Ali Məhkəməsi, ya da Konstitusiya Məhkəməsi deyil ki, ona bir zənglə hansı qərarı desən çıxartdıra bilsin, birtərəfli bəyanatla həmin pozuntuları tanıdı, belə pozuntulara gələcəkdə bir daha yol verilməyəcəyi barədə üzərinə üzərinə öhdəliklər götürdü. Strasburq Məhkəməsi o zaman hökumətin vədlərinə inanaraq (ya da özünü bu cür göstərərək) həmin şikayətlərin baxılan işlərin siyahısından çıxarılması barədə diplomatik dillə desək, mübahisəli, adı ilə çağırsaq, ədalətsiz qərar verdi. Məhkəmə həmin qərarda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, hökumət üzərinə götürdüyü öhdəlikləri icra etməsə, o, şikayətlərin siyahıdan çıxarılması barədə qərarını ləğv edə və onlara mahiyyəti üzrə baxa bilər. Bir daha xüsusi vurğulayım: bu işdə söhbət adi insanlardan getmir –  hakimiyyət öz siyasi opponentlərinin, bəzi hallarda qatı düşmən saydığı adamların hüquqlarını pozduğunu rəsmi şəkildə etiraf edir. Iddia edildiyi kimi, “xırda-para pozuntular”dan söhbət getsəydi, qürurlu hakimiyyətimiz heç vaxt bu addımı atmazdı”.  

“Bu qərarlar seçki haqqını iqnor edən ölkələrə Avropa ailəsində yer olmadığı barədə mesajdır”

Son qərarlara gəlincə, I.Əliyev bildirib ki, Avropa Məhkəməsinin sözügedən şəxslərin hər üçünün deputat seçildiyini tanıyıb: “Əsas arqumenti də çox sadə olub: bu şəxslərin millət vəkili seçilmələri barədə seçki komissiyalarının rəsmi qərarı olub. Arif Hacılının seçkiləri udması DSK-nın, Əli Kərimlinin MSK-nın, Qulamhüseyn Əlibəylinin həm DSK, həm də MSK-nın qərarı səviyyəsində tanınıb. Daha sonra MSK Arif Hacılının, Konstitusiya Məhkəməsi isə digər iki siyasətçinin qalib olmaları barədə qərarları ləğv edib. Və Avropa Məhkəməsi deyir ki, bu qərarları Məmmədhəsən və ya Tükəzban imzalasa da, o dövlətin adından çıxarılır. Həmin qərarların arxasında minlərlə seçicinin səsi, yəni iradəsi dayanır. Dövlətin adından çıxarılmış qərarı başqa bir kimsənin kefi belə istədiyinə görə götürüb ləğv etməsi normal dövlət idarəçiliyi prinsiplərinə ziddir. Bunun üçün çox ciddi əsaslar göstərilməlidir. Əks halda, vətəndaş öz dövlətinə inanmaz, ona ədalətinə etibar etməz. Avropa Məhkəməsinin təcrübəsində hələ belə bir şey olmayıb ki, bir ölkədən dörd nəfərin deputat statusunun əsassız olaraq əlindən alınması barədə verdikt verilə. Bu, dövlət üçün çox utanc gətirən hadisədir. Avropa Şurasına üzv olan heç bir ölkənin təcrübəsində hələ olmayıb ki, bir seçkidə 20-yə yaxın dairə üzrə seçkilərin qanuniliyi şübhə altına alına. Nəzərə alsaq ki, 2005-də Strasburqa üst-üstə 30-a yaxın şikayət göndərilmişdi, bu, ümumiyyətlə həmin seçkinin nəticələrinin legitimliyini şübhəyə alır. Bu qərarlar, iddia edildiyi kimi, nə ”yekun qərarın hansısa hissəsində anlaşılmazlıq”la bağlıdır, nə də “prosedurada olan xırda səhvlər, yaddan çıxan detallarla”. Bu qərarlar seçki komissiyalarının hakimiyyətin nəzarətində olmasının yolverilməzliyi, məhkəmələrin sifarişlə qərar vermələrinin hüquqi dövlətin prinsiplərinə zidd olması, vətəndaşlarının azad seçki haqqını iqnor edən hakimiyyətlərə Avropa ailəsində yer olmadığı barədə mesajdır, xəbərdarlıqdır. Bu qərarları sivil dünyanın sivil adamları oxuyanda, orada yazılanları məhz bu cür qəbul edirlər”.

Gültəkin