Rauf Denktaş haqda çoxlarının bilmədiyi bir məqam

Mərhum Rauf Denktaş Azərbaycanda çox sevilən bir şəxs idi. Bizə doğmalığı və  onun Azərbaycana sevgisi (bu sevgi doğrudan da vardı) bir yana qalsın, öz ölkəsində  “bu vətən üçün yeri dolduralamaz” deyilərək anılan bir siyasətçi olması bəs edir ki, ona uzaqdan da hörmət bəsləyəsən.
Peşə həyatım mənə imkan verdi ki, iki dəfə onunla görüşüm, bir dəfəsində isə həm də Rauf bəylə söhbət edə bildim. Mən ondan siyasi həyatındakı, milli davasında qazandığı uğurların sirrini sordum. Dedi ki, çox konkret bir cavab deyə bilməz, amma: “Hey çalışdım ki, doğru olanı şəxsi istəyimdən üstün tutum.”
– Bəs ən böyük uğurunuz hansıdır? – deyə sordum.
Çox maraqlı bir cavab aldım:
– Ən böyük uğurum hər kəsin xatırlamadığı bir şeydir bəlkə də. Mənim siyasətdə ən böyük uğurum artıq yaddan çıxıb bizim toplumda.
Yenə sual verdim ki, cavabı tez ala bilim:
– Nədir bu uğur?
– Min doqquz yüz 40-50 illərində bizim çox ciddi bir dərdimizi həll etdim. O zaman Kıprız türklərinin iki nüfuzlu liderini, doktor Fazil Küçüklə Faiz Kaymakı yaxınlaşdırıb, birləşdirə bildim. Bizə çox lazım idi. Biz dirənişimizi o zamandan qura bildik, doğruları o zamandan gördük.
Türk Kıbrısı kiçik də olsa bir ölkədir, dövlətdir, bəlli imkanları var. Rauf bəy uzun illər ona rəhbərlik etdi. Qurucu prezident idi, o, ölkə üçün hər cür fədakarlığa getmişdi, çox əvəzedilməz işlər görmüşdü, buna rəğmən, bir gün hakimiyyəti buraxıb getdi. Onu oğluna dövr  etmədi. Baxmayaraq ki, oğlu da siyasətçi idi.
Amma övladlarına hakimiyyət verməsə də, misilsiz bir tərbiyə, azadlıq, təhsil, sadəlik  vermişdi. Rauf bəyi mənə xüsusi sevdirən onu övladları oldu. Kiçik oğlu ilə bir görüşdə söhbət etdik, yanıla bilərəm, atası kimi bir uğurlu siyasətçiyə bənzədə bilmədim, lakin bir insan kimi çox yüksəkdə olduğu dərhal göründü.
Rauf bəyin otağındakı divarda isə bir portret hökmən diqqətinizi çəkərdi. Pəhləvan cüssəli, lakin azad bir insan idi, rəssama, yazıçıya oxşayırdı. Deyəcəkdiniz, görəsən bu kimdir. Bu onun böyük oğlu Raif Denktaşın portreti idi. O, 1985-ci ildə yol qəzasında həyatını itirmişdi. Əfsanə bir insan idi.
Rauf Denktaşı tanıdıq, bəs Raif Denktaş kim idi?
Atasının milliyyətçi ovqatına rəğmən  Raif bəy solçu idi. Sosial Demokrat Partiyasının qurucusu idi. Musiqiçi idi. Gözəl gitara ifaçısı idi. Kıprısda atasından az sevilmirdi. Gəlin onun özü haqda dediklərinə diqqət kəsək. Görün xalqa bağlı bir siyasətçinin oğlu belə olmazmı? Yaxud xalqa və dürüstlüyə bağlı olmasa, bir siyasətçinin belə bir oğlu ola bilərmi?
Babasının adını daşıyan Raif Denktaş özü haqda yazırdı: ”Müziğin köklüsünü ve anlamlısını sever, dinlerim. Arkadaşlarımla buluşa bildikçe çalarım. Bazen sabaha karşı klasik gitar notalarının arasında kafamı dinlerim. Bu zevkime de kimseyi karıştırmam. Müzik ruhun gıdasıdır.
73’ten 79’a kadar günlük gazete çıkardım. Çıkaran bilir. Kıbrıs’ta gazete çıkarmak yazısından başlar, katlanmasına kadar gider. Insanın gecesini-gündüzünü bir eder. Matbaamı borçla kurdum; ödeyemedim sattım. Satmayayım diye birine gebe kalmayı düşünmedim.
Vurguna, soyguna da yeltenmedim. Bunları benliğim kabul etmez. Bu düzende madden mahkum olabilirim, ama alnım açık gezerim. Ben hakim Raif Bey’in angonisiyim. Bu bana yeter.
Okumayı severim. Sosyal birilerine tutkuluyum. Bilime saygılıyım. Kendime yenilemeyi, yanlış bildiklerimi doğrulamayı, doğru sandıklarımdan şüphe etmeyi bilirim. Oxford’a kendim girdim. Alnımın akıyla kendim geldim. Iftihar ederim ve kendime güvenirim, ama övünmem.
Param yoktur, ama akademik niteliğim vardır. Bu da benim servetim!”
Belə bir övlad böyüdən dövlət başçısı da ölkəsinə sərvətdir. Ayrı cür ola bilməz.