Daxili işlər nazirinin fikrincə, polislərlə bağlı yayılan videolar MTN-in işidir
Bir-birinin ardınca sosial şəbəkələrdə polislərin qanunsuz əməlləri ilə bağlı video roliklərin yayılması daxili işlər naziri Ramil Usubovda ciddi narahatlıq doğurub. Bu məlumatı “Azadlıq”a verən mənbə iddia edir ki, Ramil Usubovun fikrincə, video roliklərin yayılmasını onun hakimiyyətdəki rəqibləri təşkil edir. Daxili işlər naziri daha çox milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şübhələnir.
Ramil Usubovun Eldar Mahmudovdan şübhələnməsi MTN şefinin hakimiyyətdə onunla daha çox düşmənçilik aparan məmur olması ilə bağlıdır.
Usubov-Mahmudov ziddiyyətləri ictimaiyyətə də bəllidir. Bu ziddiyyətlərin kökü Eldar Mahmudovun DIN-də işlədiyi dövrə gedib çıxır. MTN şefi vaxtilə rəisi olduğu Iqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin daxili işlər naziri tərəfindən ləğv olunaraq özünün sərəncama göndərilməsini həzm edə bilmir. Hacı Məmmədov olayında Eldar Mahmudov bunun qisasını müəyyən qədər aldı. Lakin bununla kifayətlənmək niyyətində olmayan Eldar Mahmudov savaşı hələ də davam etdirir.
Video rolik məsələsində Eldar Mahmudovdan şübhələnən Ramil Usubovun bu məsələnin ciddi şəkildə araşdırılmasını tapşırdığı deyilir.
Informasiya şöbəsi