Ailəsi Turac Zeynalovun qəbrinin açılmasını istəyir
Gülnar Zeynalova: “Son damla qanıma qədər mübarizə aparacam”
Ötən ilin avqust ayında Naxçıvan MTN-nində öldürüldüyü bildirilən Turac Zeynalovun ailəsi və mərhumun vəkili Əsabəli Mustafayev dünən mətbuat konfransı keçirərək iş üzrə bir sıra məqamları açıqladılar. Turacın həyat yoldaşı, qardaşı və valideynləri Naxçıvandakı təzyiqlərdən baş götürərək Bakıya pənah gətiriblər. Hazırda onlar növbə ilə ayrı-ayrı qohumlarının evində qalırlar. Naxçıvana isə yerli hakimiyyət orqanlarının təhdid və təqiblərindən ehtiyat etdikləri üçün qayıtmırlar.
“MTN-də dedilər ki, çağırın silahlıları gəlib bunları biçsin”
Mərhumun həyat yoldaşı Gülnar Zeynalova deyir ki, son damla qanına qədər mübarizə aparacaq. Ta ki, Turacın təqsirsiz olduğunu və işgəncə nəticəsində öldüyünü sübut edənə qədər: “Naxçıvan MTN-nində Ilqar adlı şöbə rəisi var. Əvvəlcə bizə demişdi ki, Turac nazirlikdə ölüb. Sonra dedi ki, ağırlaşmışdı, apardıq xəstəxanaya, orada öldü. Halbuki xəstəxana ilə oranın arasında heç bir dəqiqəlik yol yoxdu. Turacı xəstəxanaya apara bilərdilər. Görüblər səs-küy çoxdur, salıblar qaraja, orada saxlayıblar. Sonra da Diaqnostika Mərkəzinə aparıb yarıblar. Meyitin sahibi icazə vermədən, meyiti necə yara bilərsən? Ölüm haqqında arayışda deyilir ki, Turac işgəncəyə məruz qalmayıb. Belə çıxır ki, biz meyiti özümüz o hala salmışıq. MTN-də Seymur adlı biri var. Biz deyəndə ki, ”ölümüzü verin, çıxıb gedək” dedi, “çağırın silahlıları gəlib bunları biçsin töksün”. Bunlar belə adamlardılar. MTN-dən dedilər ki, günahı olmasaydı, bura düşməzdi. Əgər hamısı cinayət törətmişdisə, necə olur, o biriləri azad etdilər? Hələ bugünə qədər bizə ekspertizanın rəyini təqdim etməyiblər”.
Həyat yoldaşının sözlərinə görə, ölümündən sonra Turaca verilən əmək kitabçasında onun işdən dövlət sirrini yaydığına görə çıxarıldığı göstərilib: “Elə bilirdilər ki, işi MTN aparır deyə heç kimin səsi çıxmayacaq. Biz deyəndə ki, şikayət edəcəyik, dedilər, amanın günüdür, şikayət etməyin, düzəldəcəyik. Sonra başqa əmək kitabçası verdilər. Orada Turacın əmək öhdəliklərini pozduğu üçün işdən çıxarıldığı göstərilirdi. Əgər Turac buna görə işdən çıxarılıbsa, o zaman dövələtə xəyanət ittihamı da üzərindən götürülməli deyildi?”.
“Bu gün də bilmirik ki, Turac tutulandan neçə gün sonra ölüb”
G.Zeynalovanın sözlərinə görə, xərçəng diaqnozunun qoyulması tamamilə yalandır, Turacda heç bir xəstəlik olmayıb: “Hələ heç kim deyə bilməz ki, Turac hansısa xəstəlikdən şikayət edib, xəstəxanada yatıb. Sadəcə olaraq dərisində xırda problem var idi. Bu problem qayınatamda da var, irsidir. Buna dəri xərçəngi adı qoydular. Əgər dəri xərçəngi idisə, onu niyə işə götürmüşdülər? Hər altı aydan bir iş yerində tibbi müayinədən keçirdilər. Sonuncu dəfə də avqust ayında keçmişdi. Bəs orada niyə heç nə çıxmamışdı? Necə oldu ki, ora düşən kimi xərçəngdən öldü? Arxayın idilər. Bilirdilər ki, onlara heç kim heç nə deməyəcək. Ona görə də öldürdülər. Biz bu gün də bilmirik ki, Turac tutulandan neçə gün sonra ölüb. Meyiti yuyanda isti su dəyən kimi qan açıldı. Bədəni bumbuz idi, dondurmuşdular”.
“Birdəfəlik bizi də öldürsünlər”
Atası Şuriyyə Zeynalov deyir ki, oğlunun meyitini güclə ala bilmişdilər: “Məlahət xanımın (Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibova-red;), camaatın sayəsində güclə aldıq. Başından vurmuşdular, boğazını kəsmişdilər, bədəninin hər tərəfi göm-göy idi. Məcburən meyitə iki dənə xalat bükdük. Biz qəbiri açmağa razıyıq. Istənilən vaxt ekspertlər gəlsin, meyiti ekspertizadan keçirsin. Bir şərtlə ki, Naxçıvanın ekspertləri olmasın, onlara inanmırıq.
Biz Vətən xaini deyilik, bu torpağın yolunda şəhid də vermişik. Bunlar bizə zülm edirlər. MTN-də həmin o Ilqara dedim ki, sizdən şikayət edəcəm. Dedi, hara istəyirsən şikayət elə, onsuz da dönüb bura gələcək. Dedim, Mehriban xanımın yanına gedəcəyik. Dedi, hara ucadır başınızı vurun. 24-də tutdular, 28-də meyitini çıxartdıq”.
Çıxış boyu gözləri dolan Ş.Zeynalov bir neçə dəfə dözməyərək ağladı da. Onun yeganə istəyi oğluna işgəncə verənlərin cəzalandırılması və Turacın vətən xaini olmadığının sübut edilməsidir: “Belə də zülm olar? Meyitin hansı vəziyyətdə olduğunu bütün camaat, bütün jurnalistlər gördü. Videoya çəkib bütün dünyaya göndərdik. Bundan sonra da bir nəticə olmayacaq? Onda dünyada heç ədalət yoxdur ki. Birdəfəlik bizi də öldürsünlər”. Ş.Zeynalov onu da əlavə etdi ki, oğlu Yeni Azərbaycan Partiyasının üzvü olub.
Müstəntiq qərarı niyə vermək istəmir?
Vəkil Ə.Mustafayev isə bildirdi ki, iş üzrə Turac da daxil olmaqla beş nəfər həbs olunmuşdu, hamısı da Naxçıvan hava limanında sürücü işləyirdi: “Onlardan üçü sonradan azad olundu. Birinə də iş kəsdilər. Əvvəl 10 il verdilər, apelyasiya şikayətindən sonra 6 ilə endirdilər. Iş materiallarını əldə edə bilmirik ki, orada Turacın adının keçib-keçmədiyini bilək. Məhkəmə prosesi qapalı keçirildi.
6 il cəza alan adamın valideynləri bu gün də bilmirlər ki, işin içində nə var, övladları neyləyib? Heç nəyi bilmirlər, ortada heç bir sənəd yoxdur”.
Vəkil deyir ki, işi hüquqi müstəvidə davam etdirmək və bugünə qədər müammalı qalan məqamlara aydınlıq gətirmək istəyirlər. Lakin Naxçıvan MTN-i qanunsuz olaraq Turacla bağlı qərarın surətini təqdim etmir: “Qərar əlimizdə olsa, şikayət verə bilərik ki, istintaq yenidən aparılsın, vəkilin də iştirakı ilə Turacın təqsirli olduğunu təsdiq edən sübutlar ortaya qoyulsun. Iş Avropa Məhkəməsinə qədər gedə bilər. Turacın bəraət alması da bundan asılıdır. Amma bunlar qərar əvəzinə qərardan çıxarış təqdim ediblər. Naxçıvan MTN-nində işi aparan müstəntiq Pərviz Hüseynovun imzaladığı bu sənəd ziddiyyətli, savadsız və olduqca absurddur. Müstəntiqin hərəkətlərindən Naxçıvanın milli təhlükəsizlik nazirinə və Baş prokuroruna şikayət etdim. Lakin bununla bağlı cavab elə şikayət etdiyim adamdan – Pərviz Hüseynovdan gəldi. Cavabda mənim qoyduğum məsələlərin heç birinə aydınlıq gətirilməyib, müraciətim isə ”məktub” adlandırılıb. Bu, elə onların bütövlükdə bu işə necə münasibət göstərdiyini ortaya qoyur. Müstəntiq yazıb ki, fikirlərim şəxsi təxəyyülümün məhsuludur, yalandır. Guya mən məsələyə qərəzli yanaşıram. Çünki internetdə bu hadisə ilə bağlı şou yaratmışam. Indi mən yeni müraciətlər hazırlayıram. Istisna deyil ki, yenə də bu cür cavablar veriləcək”.
Ə.Mustafayev məsələ ilə bağlı Ombudsmana da şikayət etdiyini, lakin oradan gələn cavabın da MTN-nin cavabından fərqlənmədiyini bildirib. Vəkil deyir ki, əgər Naxçıvandan bir şey çıxmasa, baş prokuror Zakir Qaralova şikayət edəcək.