Klintonun müavini nələri müzakirə edəcək?

Fuad Qəhrəmanlı: «Bir daha vurğulanacaq ki, iki ölkə arasında münasibətlərin perspektivləri Azərbaycanın demokratik normalara necə yanaşmasından ciddi asılıdır»

Bu günlərdə ABŞ-dan daha bir yüksək çinli diplomatın Azərbaycana səfəri reallaşdırılacaq. Yanvarın 18-19-da Azərbaycana səfəri gözlənilən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin gəlişinin məqsədi barədə məlumat verilməyib. Amma E.Rubinin səfərinin Iran-Amerika münasibətlərinin kəskin dövrünə təsadüf etməsi, heç şübhəsiz, bu məsələni görüşlərdəki müzakirələrdə prioritet edəcəyi istisna deyil.
Eyni zamanda, ekspertlər hesab edirlər ki, Əfqanıstana NATO yüklərinin daşınması, neft kəmərləri və Xəzərdəki enerji obyektlərinin təhlükəsizliyi ilə bağlı məsələlər gündəlikdə ola bilər. Səfər zamanı ölkədə insan hüquqları, demokratiya, vicdan məhbusları kimi məsələlərin danışıqların gündəliyində olduğu güman edilir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, səfərin konkret məqsədi barədə birmənalı fikri detallı informasiya yayılandan sonra söyləmək olar. Bir qayda olaraq bu cür səfərlər zamanı ictimaiyyətə açıqlanmayan, amma hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin də müzakirəyə çıxarıldığını deyən F.Qəhrəmanlı vurğuladı ki, bu baxımdan E.Rubinin Azərbaycan rəsmiləri ilə görüşləri zamanı prioritet məsələlərdən biri Iranla bağlı olacaq. Hazırda cənub qonşumuzun atdığı son sərt addımlardan sonra regionda təhlükəli hərbi vəziyyətin yarandığını düşünən AXCP yetkilisi qeyd etdi ki, hər an situasiya hərbi fazaya keçə bilər. Ona görə Azərbaycanın baş verənlərə yanaşmasını öyrənmək ABŞ üçün önəmlidir. Bundan başqa, Azərbaycan vasitəsilə Əfqanıstana daşınan yüklərlə bağlı problemin səbəblərinə də görüşlər zamanı toxunulacağı gözləniləndir.F.Qəhrəmanlının fikrincə, Rusiyada hazırda cərəyan edən proseslər də ABŞ diplomatı ilə müzakirə predmeti ola bilər: “Düşünürəm ki, Rusiyadakı olayların Azərbaycanın xarici siyasət orientasiyasına necə təsir edə biləcəyi ətrafında fikir mübadiləsi aparıla bilər. Bundan başqa, Rusiyadakı olayların müxtəlif ssenarilər üzrə inkişaf edəcəyi təqdirdə Azərbaycanın bu proseslərə münasibətinin öyrənilməsi də ABŞ üçün maraqlıdır. Heç şübhəsiz, budəfəki görüşdə də Azərbaycanda insan hüquqlarının vəziyyəti, demokratik prinsiplərə münasibət diqqət mərkəzində olacaq. Şübhə yoxdur ki, iki ölkə arasında münasibətlərin perspektivlərinin Azərbaycanın demokratik normalara necə yanaşmasından ciddi şəkildə asılı olduğu bu görüşdə bir daha vurğulanacaq”.

Hikmət