«Erməni məsələsi» Yaxın Şərqdə ABŞ-ın maraqlarını bombaladı
Fransa Senatı hələ yekun qərarını verməyib. Osmanlı dövründə baş verdiyi iddia olunan qondarma erməni soyqırımına dair Türkiyənin məsuliyyət daşımasına hesablanmış qərar Avropa Parlamentinin sədrindən əks zərbə aldı. Yeji Buzek dedi ki, bu, Fransa və Türkiyə arasında olan bir məsələdir…
Rəsmi Parisin məsələni beynəlxalq gündəmə daşımaq cəhdi ilk addımda uğursuz olsa da, Sarkozi hökuməti Türkiyə ilə münasibətləri daha da gərginləşdirməkdə maraqlı görünür. Fransada prezident seçkisi öncəsi bu gərginlik Sarkozinin həm populyarlığını artıra bilər, həm də fransız seçici ona başladığı mübarizəni bitirmək üçün şans verə bilər. Hər halda, bu planın niyyəti budur.
Fransanın bu addımla Ermənistana kömək etdiyini düşünənlər isə olduqca ciddi səhvə yol verirlər. Biz isə bir neçə suala cavab tapmaqla prosesin daha geniş ölçüdə dünya siyasətinə təsirini gözdən keçirəcəyik.
Birinci, Fransa parlamentinin Aşağı Palatasında qəbul edilən “erməni soyqırımı”na dair qərar Türkiyə və Ermənistan arasındakı yumşalma meyllərini aradan qaldırdı. Söhbət sərhədlərin açılması və Irəvana dəhliz verilməsindən gedir. Fransa doğrudanmı Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşmasını istəmir?
Diqqəti çəkən xüsusi məqam odur ki, Fransanın bu qərarı Türkiyədə Ermənistan əleyhinə daha sərt bəyanatlara səbəb olmadı. Ankara açıq şəkildə Fransanın üstünə getdi. Səbəb durduqca nəticəyə hücum elə də əsaslı olmazdı. Amma gün kimi aydındır ki, Ermənistanın Qərbə doğru Türkiyədən keçən yolunu Fransa kəsdi. Fransa bu addımı ilə Ermənistana ikinci ağır zərbəni vurdu. Bağlanmış qapını qıfılladı. Türkiyə isə hazırkı durumda daha üstün mövqedə görünür. Çünki Ermənistan Fransanın bu qərarını alqışlamaya bilməz. Bunu etdiyi üçün də Türkiyədən də fərqli və pozitiv bir addım uma bilməz.
Ikinci, bu qərar həm də Ermənistanın Qərblə inteqrasiyasını istəməyən Rusiyanın maraqlarına xidmət etmiş oldu. Fransa öz geosiyasi xəttində dəyişikliklər edibmi? Yəni, Avro-Atlantik Şura ilə deyil də, Rusiya iləmi strategiya müəyyənləşdirir?
Məlum olduğu kimi, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına ən ciddi müqaviməti Rusiya göstərib. Azərbaycan və Türkiyədəki, eləcə də Ermənistanın özündəki psevdomillətçi qruplar vasitəsilə bu proses çox ciddi şəkildə tənqid olunur, müzakirəyə çıxarılırdı. Hər üç ölkədə radikal millətçilərin mövqelərinin eyni olması da ayrıca və ciddi sual olaraq qalır. Fransa bu addımı ilə Rusiyanı Azərbaycan və Ermənistanla işləmək kimi yüngül, ama yorucu işdən xilas elədi. Bununla da, Avropa Birliyinin nəhənglərindən biri zəifləməkdə olan Rusiya cəbhəsinə toparlanmaq üçün yeni arxayınçılıq verdi.
Üçüncüsü, məlumdur ki, ABŞ Yaxın Şərq siyasətində Türkiyə ilə xüsusi müttəfiqlik edir. Avropa Birliyi ölkəsi və ya ölkələrinin Türkiyəyə qarşı bu cür sərt qərarlar verməsi ABŞ-ı Iran və digər region ölkələrinə dair siyasətində Türkiyənin dəstəyindən məhrum etməzmi? Bu ABŞ-Avropa Birliyi münasibətlərinə necə təsir edəcək?
Heç şübhəsiz ki, bu prosesin başlaması Yaxın Şərqdəki hadisələrin sürətini mənfi təsirə məruz qoydu. Başlıcası, ona görə ki, regionda əsas aktyorlardan biri olan Türkiyə indi Qərbin iri dövlətlərindən birilə ciddi qarşıdurmadadır. Bu mənada Bəşər Əsədin son günlər meydan oxuması və Iran rejiminin yenidən sərt bəyanatlarla, təhdidlərlə çıxış etməsini gözardı etmək olmaz. Heç şübhəsiz ki, bu olaylar ABŞ və Fransa arasında da müzakirə mövzusu olacaq.
Dördüncü, Vaşinqtonu Türkiyə və Avropa Birliyi arasında seçim qarşısında qoymaq Yaxın Şərqdə Rusiya və Çinin maraqlarına nə qədər fayda verdi? Yaxın Şərqin yeni siyasi tablosunun yaranmasında Fransa hansı rolu almaq istəyir və müttəfiqləri kimdir?
Yaxın Şərqdə bu cür tərəddüdlü vəziyyətin davam etməsi Rusiya və Çinin regiondakı maraqları baxımından göydəndüşmə oldu. Çünki ABŞ-ın ardıcıl uğurları qapalı rejimləri əks hücum hazırlığından məhrum edirdi. Indi isə əksinə, Qərb cəbhəsində ciddi tərəddüdlər yaradıb. Çin indi əks hücumlar üçün Rusiyaya yeni təlimatlar verməyə imkan tapıb. Fransa isə bu addımı ilə bir daha sübut etdi ki, o, regionda yenidən qurulmağa başlanan sistemin əleyhinədir. Və Iranın öz xarakterini dəyişməsini istəmir. Demokratik Iranın daha çox ölkə ilə əməkdaşlıq seçimi ola bilərdi, hazırkı Iran isə iki-üç dövlətlə işləməyə məcburdur. Fransa isə Iranı mahiyyətcə qəbul edən və ondan yararlanmağa çalışan əsas Qərb dövlətidir.
Seymur Həzi