İctimai Palata Suraxanıda ciddi təşkilatlanır

Regional şöbəyə 80 yeni üzv qəbul olundu

Yanvarın 15-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın Suraxanı regional şöbəsinin ikinci sessiyası keçirilib. Birinci sessiyada sıralarında 98 nəfəri birləşdirən regional şöbəyə yeni qəbullar olub. Yeni qəbulların sayəsində təşkilatın üzvlərinin sayı 176-a çatıb.
Sessiyada İP üzvlərindən AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, partiya funksioneri Rövşən Quliyev, İP-nın katibi Gülağa Aslanlı və Müsavat funksioneri Mustafa Hacıbəyli iştirak edib.
Sessiyanı AXCP Suraxanı rayon şöbəsinin sədri Vaqif Xalıqov, Müsavat Partiyasının Suraxanı rayon şöbəsinin sədri Rövşən Dəmirov və KXCP Suraxanı rayon şöbəsinin sədri Vaqif Quliyev idarə edib.
Ötən müddət ərzində regional təşkilatın gördüyü işlər barədə toplantı iştirakçılarına məlumat verilib, qarşıdakı fəaliyyət proqramı ətrafında müzakirələr aparılıb. İP-nın Suraxanıda regional şöbəsinin yaradılmasından sonra rayon ərazisində siyasi aktivliyin artdığı diqqətə çatdırılıb. Bildirilib ki, regional təşkilatın gəncləri rayon əraisində bir neçə aksiyaya imza atmaqla yanaşı, İP-nın ümumi fəaliyyətində də yaxından iştirak ediblər.

Xalqın ümidi bizə bağlıdır

Daha sonra qəbul olunan gündəliyə əsasən ölkədəki mövcud ictimai-siyasi durumla bağlı çıxışlar olub.
İP-nın formalaşdığı dövrün dünyanın yenidən şəkiləndiyi bir zamana təsadüfi etdiyini deyən AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib ki, hazırda dünyadakı qlobal demokratikləşmə prosesi yeni tendensiyaların başlanğıcıdır. Bu gün İslam dünyası üçün də demokratikləşmənin gündəmdə olmasına diqqət çəkən N.Məmmədli bu baxımdan Azərbaycanı da istisna saymayıb: «İctimai Palatanı hazırda Azərbaycan cəmiyəti, beynəlxalq təşkilatlar hakimiyyətə alternativ kimi qəbul edir. Xalqın ümidi bizə bağlıdır. Bir yerdə fəaliyyət göstərərək ölkəni xilas etməliyik. Hazırda hakimiyyətin xalqdan heç bir dəstəyi yoxdur. Ona görə də çökməyə məhkumdur. Bu çöküşün hansı sürətlə baş verəcəyi isə bizdən asılıdır».
Çıxışının sonunda N.Məmmədli tədbir keçirilən gün A.Hacılının doğum günü olduğunu bildirib və tədbir iştirakçıları adından onu təbrik edərək, tezliklə azadlığa qovuşmasını diləyib.

Əsas məqsəd cəmiyyəti stimullaşdırmaq olmalıdır

Suraxanı müxalifətçilərini uğurlu tədbirə imza atmaları münasibəti ilə təbrik edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, əgər bir müddət əvvəl demokratik qüvvələrin üzərinə düşən missiya müxalifətçiliyi davam etdirmək idisə, indi səylər hakimiyyət uğrunda mübarizəyə sərf edilir. Bütün dünya üzrə avtoritar rejimlərə münasibətin dəyişdiyini deyən F.Qəhrəmanlı vurğulayıb ki, hazırda xalqların öz hüquqları uğrunda mübarizəyə qalxması ilə yanaşı, Qərbin də demokratikləşmə prosesinə dəstəyi müşahidə edilməkdədir: «Hazırda Qərblə Azərbaycan hakimiyyəti arasında qarşıdurma müşahidə olunur. Azərbaycan Əfqanıstana yük daşımalırını dayandırıb. Eyni zamanda hakimiyyətin Rusiya ilə də münasibətləri gərgindir. Rusiyanın özündə də fərqli proseslər cərəyan etməkdədir. Rusiyanın demokratikləşməsi onun avtoritarizmi himayə etməsini aradan qaldıracaq».
F.Qəhrəmanlı eyni zamanda onu da vurğulayıb ki, hazırkı mərhələdə əsas məqsəd cəmiyyəti stimullaşdırmaq olmalıdır. Hakimiyyətin artıq əvvəlki gücdə olmadığını deyən F.Qəhrəmanlı bildirib ki, iqtidar daxilində gələcəklə bağlı pesemizim hökm sürməkdədir.

“Azərbaycanda prezident seçkiləri 2012-ci ildə də keçirilə bilər”

Regional şöbənin təşkilatlanmada əldə etdiyi  uğurları müsbət qiymətləndirən Müsavat başqanının müavini, İP katibi Gülağa Aslanlı deyib ki, digər regional təşkilatlar da Suraxanı müxalifətçilərindən nümunə götürməlidirlər. Hazırda mübarizənin mühüm mərhələsinə çatdıqlarını deyən G.Aslanlı vurğulayıb ki, cəmiyyəti aktivləşdirərək, hüquqları uğrunda mübarizəyə səfərbər etmək ən mühüm məqsədlərdən biridir: «Rusiyada yaşanan proseslər göz önündədir. Artıq Rusiya elitası da proseslərə müdaxilə edərək ölkənin gələcəyinə biganə qalmır. Ali məktəblərdə müəllimlər tələbələrin hazırkı duruma qarşı keçirilən mitinqlərdə iştirak etməyəcəyi təqdirdə imtahanlara buraxılmayacağını bəyan ediblər. Medvedev hökuməti belə yaranmış durumda mövqeyini yumuşaldıb. Düşünürəm ki, biz ciddi fəaliyyət göstərəcəyimiz təqdirdə Azərbaycanda da ciddi dəyişikliklərə imza ata bilərik. Bu isə o deməkdir ki, Azərbaycanda prezident seçkiləri 2013-cü ildə deyil, 2012-ci ildə keçirilə bilər».

Xəyal