Bu günlərdə maraqlı bir yazıya rast gəldim. Sən demə, bir müddət Koreyada kütləvi məhkəmələr keçirilirmiş. K.Ç.Irin dəfn mərasimində ağlamayan və ya öz kədərli hisslərini yaxşı büruzə verməyən insanları 6 ay islah-əmək işinə cəlb ediblər… Deyirəm, dünyanın həqiqətən də möcüzə işləri var. Elə o vaxt demişdim ki, vallah, bu koreyalılar qorxudan ağlayır. Mən avtoritar, totalitar ölkələr haqda o qədər yazmışam ki, indi onların hamısını xatırlamağa özüm də çətinlik çəkir və bir qədər də tərəddüd edirəm. Məqsəd nə idi? Hamımız insanları belə ölkələrə bir həqarətlə baxmağa vadar etməyə çalışırıq. Amma mənə elə gəlir ki, qorxunu gülüşlə çıxarmaq lazımdır. Gülməyə başladın ki, artıq qorxu özü-özünə, lap elə duman kimi çəkilir…
Əgər rejissor və ya ssenarist olsaydım…
Kino istedadım olsaydı, o vaxt, məsələn, I.Stalin haqqında annimasiya filmi çəkərdim. Bir vaxtlar, özü də lap yaxın keçmişimizdə, dəqiq deyəcəm, hələ R.Quliyevin spiker olduğu vaxt, parlamentdə o qədər gülməli məqam olurdu ki! Onda “vintlər” indiki tək bərkidilməmişdi, parlament iclaslarından birbaşa verilişlər verilirdi. Üstəlik, parlament müxbirləri də yazılarında çoxlu maraqlı məqamlar üzə çıxarırdılar. Mən hələ digər satirik dərgiləri və yazıları demirəm! Amma nə edəsən ki, belə filmləri çəkmək və yazıları yazmaq üçün xüsusi istedad tələb olunur, hamıya bunu etmək müyəssər olmur. Elə bizim yaxın dövrdən də maraqlı bir annimasiya filmi çəkmək olardı. Bilirsiniz, çox mətləbləri şişirtməyəndə onlar daha gözəl olur. Uzağa niyə gedək, məsələn, gürcülər özləri haqda çox yüksək fikirlərə düşə bilərlər, amma orta statistik gürcü Miminodur! Ən azı sovet dövrünün gürcüsü Miminodan yana getmir!
Belə bir azərbaycanlı obrazı isə hələ yaradılmayıb, müxtəlif cəhdlər olub və indi də var. Məsələn, bir cəhd elə “Ad günü” filmində edilib, amma tam bir obraz yaradılmayıb, bəlkə də bu da təbiidir, çünki bizim hər birimiz bir azca Məşədi Ibad, bir az Xudayar bəy, bir az Novruzəli, bir az kefli Isgəndər və elə bir az da Şeyx Nəsrullahıq! Elə avtoritar liderlər də bir az Xudayar bəyə, bir az da Lənkəran xanının vəzirinə bənzəyirlər!.. Burada kiçik bir haşiyə çıxım.
Bu, milli mentaliteti çox gözəl göstərir. Bir dəfə də Polşada olarkən gürcülər nahar verilməsini gözləmədilər, tez bir stolun arxasına keçib özləri üçün süfrə açdılar. Kənardan onlara göz qoyurdum. Ilk tostları nə oldu? “Dostlar, içək Gürcüstanın şərəfinə!”. Bəlkə elə bu xüsusiyyətə görə E.A.Şevarnadze hakimiyyət üçün təəssüflənmədən, elə bir ağır hiss keçirmədən “bəli, bizim inqilab ən gözəl inqilab idi!” – deyə bildi?!.
Niyə 9 milyon nəfər yox?
Yazılanlara görə, indi Koreyada xüsusi avtomobillərlə şəhəri gəzir, insanlara varisin – yeni liderin necə böyük şəxsiyyət olması haqda təbliğat aparırlar…
Yeni liderin isə hələ heç 30 yaşı yoxdur… Burada mənim yadıma bir neçə il əvvəlki Bakı düşdü. Seçki vaxtı idi və maşınlarla şəhərin küçələrini gəzib ruporla təbliğat aparır, YAP-ın ölkə üçün nə qədər böyük və misilsiz işlər görmək istədiyi haqda danışırdılar. Inanın, bu, olmuş hadisədir. Mənim diqqətimi bu günlərdə daha bir detal cəlb etdi. YAP-çılar bəyan edib ki, bu yaxınlarda partiyanın üzvlərinin sayı 600 minə çatacaq. Bunu eşidəndə azca təəccübləndim və düşündüm ki, bəlkə səhv eşitmişəm? Məsələ bundadır ki, niyə 9 milyon yox, yalnız 600 min nəfər? Mənə belə gəlir ki, belə bir partiya üçün 600 min nəfər çox azdır! Həm də bizə nə deyərlər? Deməzlər ki, qalan 8 milyon 400 min nəfər nə düşünür? Bəlkə onlar müxalifətin tərəfindədir? O qalan 8 milyon 400 min nəfərlə də təcili iş aparmaq lazımdır: qoy, mövqeləri bilinsin, mövqelərini desinlər! Belə olmaz axı! Onlar doğrudanmı bu ölkədə aparılan analoqsuz inkişaf siyasətini görmürlər? Bəlkə onu bəyənmirlər? O qədər də boş buraxmaq olmaz insanları! Hamının mövqeyi öyrənilib xüsusi kartotekalara yazılmalıdır! Başqa cür ola da bilməz! Məgər onlar bu torpağın suyunu içib, çörəyini yemir, havasını udmurlar?!

Bəs qalan 8 milyon 400 min nəfər nə düşünür?
•