Suriya prezidenti Bəşər Əsəd 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək törədilmiş cinayətlərin bağışlanmasını nəzərdə tutan amnistiya verib. “Media forum” saytı bildirir ki, amnistiya dinc etiraz aksiyalarında iştirak etmiş, qanunsuz silah gəzdirmiş şəxslərə və fərarilərə şamil olunacaq.
2011-ci il martın 15-dən Suriyada xalq üsyanı gedir. İndiyəcən 5 mindən çox adam ölüb. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. O, hakimiyyətə 2000-ci ildə gəlib. 1971-ci ildən 2000-ci ilədək isə Suriyaya onun atası Hafiz Əsəd rəhbərlik edib.
Suriya prezidenti Bəşər Əsədin istefası tələbini həm siyasi, həm də hərbi müxalifət irəli sürür. Siyasi müxalifət Suriya Milli Şurasında, hərbi müxalifət isə Azad Suriya Ordusunda (müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub) birləşib.
Yerli hüquq müdafiəçilərinin bildirdiyinə görə, Suriya həbsxanalarında on minlərlə üsyançı var.


