YAP şou-biznes əhlinə elçi düşüb

Müğənni Samirə: «YAP-dan bizə zəng gəldi, təklif edildi ki, partiyada təmsil olunum…»

Kulturoloq Rəhman Bədəlov: «Şimali Koreyada, bahar inqilabları olan Ərəb ölkələrində olduğu kimi…»

Dünən 12 nəfər mədəniyyət və incəsənət işçisinə YAP-ın üzvlük vəsiqələri təqdim olunub. Bu dəfə YAP-ın vəsiqəsini müğənnilər Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə Ibadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, Yaşar Yusifov, Samirə Allahverdiyeva, aktyor Elməddin Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, modelyer Gülnarə Ibadova və rəssam Xəzər Nəbiyev alıb.
“Azadlıq” radiosunun məlumatına görə, müğənni Samirə Allahverdiyeva deyib ki, YAP-a üzv olmaq haqda ona bir ay əvvəl partiyadan zəng gəlib: “Yeni Azərbaycan Partiyasından bizə zəng olundu. Bizə təklif olundu ki, nəyə görə Samira xanımın siması, şəxsiyyəti bizim partiyamızda təmsil olunmasın?! Mən də razılaşdım”.
Aktyor Elməddin Cəfərov deyir ki, hansı partiyanın üzvü olmaqla, hansı futbol klubuna azarkeşlik etməyin fərqi yoxdur. O bildirir ki, əsas insanlığı qoruyub, Azərbaycanın inkişafı üçün çalışmaqdır: “Bu serial inkişafına dövlətin qayğısından sonra qarşılıq olaraq YAP-a üzv oldum. Mənə həmkarım Tərlan Nuryaşar təklif etdi, başa saldı ki, getmək olar. Dedi ki, siyasi heç nə etmirsən, sadəcə, olaraq üzv olursan. Oranın üzvlərindən təklif gəldiyinə görə YAP-ı seçdim. Zatən uzun müddət bitərəf qalmaq olmur. Amma bu o demək deyil ki, başqa partiyaların üzvlərinə qarşı soyuğam. Sadəcə, belə oldu. Bəlkə də digər partiyaların üzvlərinin mənə qarşı marağı, sevgisi azalsın. Amma mən marağı, sevgini bununla ölçmürəm”.

Kulturoloq Rəhman Bədəlov deyir ki, incəsənət adamlarının kütləvi YAP-a üzvlüyü normal hal olmasa da, hər iki tərəfin məntiqi aydındı: “Avtoritar rejimdir, demokratiya yoxdur. Kim hakim partiyadadırsa, bu, ona müəyyən hallarda kömək ola bilər. Onlar görürlər ki, orada himayələri var, konsertlərdə olacaqlar və bir sözlə, güzəranları daha da yaxşı olacaq. Yəni, Şimali Koreyada, bahar inqilabları olan Ərəb ölkələrində olduğu kimi. Bu, normal hal deyil, amma məntiq aydındı”.