Suriyada daha bir qanlı cümə

Əsəd rejimi dinc xalqa divan tutur

Vətəndaş müharibəsinın yaşandığı Suriyada vəziyyət gərgin olaraq qalır. Srağagün yerli fəallar Bəşər Əsədin əmrindəki təhlükəsizlik qüvvələrinin dinc sakinlərə atəş açaraq 32 nəfəri öldürdüyünü bildirib. Məlumatda etirazçıların ölkənin şimal qərb əyalətində monitorinq aparan Ərəb Ölkələri Liqasının müşahidəçilərinə yaxınlaşmaq istəyərkən hökumət qüvvələrinin hücumuna məruz qaldığı deyilir. Yerli Koordinasiya komitələri ölənlərdən 30-nun dinc sakin, yalnız 2-nin hərbçi olduğunu açıqlayıb.
Ötən gün isə ölkənin müxtəlif yerlərində Bəşər Əsəd əleyhinə etiraz aksiyaları keçirilib. Dəraa, Deyr əz Zor, Homs, Idlib, Qamışlı kimi iri şəhərlərdə cümə namazından sonra insanlar meydanlara axışıb. Etirazçılar Bəşər Əsədin istefasını və Suriyada uçuşa qadağan zonanın elan olunmasını tələb ediblər. Paytaxt Dəməşqdə isə 2 mindən çox tələbə şəhərdə fövqəladə rejim şəraitinin sonlandırılması tələbiylə mitinq keçirib. Hökumət qüvvələri yenə də mitinq iştirakçılarına qarşı odlu silahdan istifadə edib. Ölən və yaralananların çox olduğu vurğulanır.
Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl Ərəbi Suriyada vəziyyətin daha da ağırlaşdığını bəyan edib. O, hökumət qüvvələrinin küçəyə çıxan istənilən dinc sakinə atəş açdığını söyləyib. Baş katib Bəşər Əsədi götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Əl Ərəbinin sözlərinə görə, Suriya hakimiyyəti dərhal silahı yerə qoymalıdır.
Xatırladaq ki, Suriyada hökumət əleyhinə nümayişlər artıq 10 aya yaxındır davam edir. BMT təhlükəsizlik qüvvələrinin 5 mindən çox Əsəd əleyhdarını qətlə yetirdiyini bildirir.

Informasiya şöbəsi