AXCP sədri Əli Kərimli Quzey Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın vəfatı ilə əlaqədar nekroloq yayıb. Nekroloqda deyilir:
Türk dünyasının əfsanəvi liderlərindən biri, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaş vəfat edib. Rauf Denktaş adı vətəni Kıbrısla qoşa çəkilən böyük bir şəxsiyyət idi. 88 illik həyatının önəmli bir hissəsini vətən, millət və azadlıq mücadiləsinə həsr edən Rauf bəyin ömür yolu hər kəs üçün misilsiz bir örnəkdir.
Siyasi həyata 24 yaşında atılan bu fədakar şəxsiyyət 1958-ci ildə Kıbrıslı Türklərin Türk Müqavimət Təşkilatının 4 nəfərlik qrupunda yer almışdı. O həmin təşkilatın ən nüfuzlu mücahidi olaraq tanınmış və az vaxtda məşhurlaşmışdı.
1959-cu ildə London-Sürix anlaşmalarıyla Kıbrıs Cümhuriyyəti konstitusiyasının hazırlanmasına qatılan Denktaş 1960-cu ildə Türk Xalq Məclisi Başqanlığına seçilmişdi. 3 il sonra cümhuriyyətin devrilməsindən sonra Kıbrıslı Türklər, o cümlədən Rauf Denktaş üçün də ağır günlər başlanmışdı. O, “arzuolunmaz şəxs” elan edilmiş və Kıbrısa girişi qadağan olunmuşdu. Beş il adaya gizli yollarla gəlib-gedən Denktaş Erenköy çatışmaları sırasında iki dəfə ölümdən dönmüşdü.
O, 1974-cü ildə Türk Barış Hərəkatı dövründə qurulan Kıbrıs Türk Federal Dövlətinin ilk dövlət başqanı olmuşdu.
1983-cü ildə Quzey Kıbrıs Türk Cümhuriyyətini elan edən Denktaş 1985-2005-ci illərdə fasiləsiz olaraq cümhurbaşqanı seçilmişdi.
Siyasi fəaliyyəti ilə bərabər, yazarlıqla da məşğul olan Denktaş 50-dən çox əsərin müəllifi olaraq tanınır. O, ömrünü böyük ideallarına, millətinə və vətəninə həsr edən bənzərsiz bir fədai kimi öz şərəfli adını dünyanın ən ləyaqətli liderləri sırasına yazdırmış bir şəxsiyyətdir.
Rauf Denktaşın vəfatı heç şübhəsiz ki, bütün Türk dünyasının, böyük dəyərlər naminə mübarizə yolunda olan bütün insanların itkisidir. Allahdan onun yaxınlarına, doğmalarına səbr diləyir, bütün Türk dünyasına başsağlığı verirəm. Ruhun şad olsun, böyük mücadilə adamı!
AXCP sədri Əli Kərimli